Ukrayna Rusiya donanmasını atəşə tutur, Moskva “dəyişir”, Kiyev yerində sayır

Dünya


Ukrayna Rusiyanın həmlələrinin qarşısını almaqdan ötrü hərbi əməliyyatların modelini bir qədər dəyişib.

Ukrayna ordusu Rusiyanın Qara Dəniz Donanmasının aktivlərinə qarşı zərbələr endirməklə qurudakı qoşunların hərəkətini hava əməliyyatları ilə əvəzləyib üstünlük qazanmağa çalışır.

Təbii ki, bu, Ukraynanın uğurlu nəticə əldə etməsi üçün kifayət deyil, çünki nə Rusiyanın formalaşdırdığı və müdafiəsini gücləndirdiyi həmlə xəritəsi, nə də Ukraynanın əks-hücum əməliyyatlarının dalan nöqtəsi dəyişib.

Ancaq Ukrayna Rusiyanın Qara dənizdəki donanmasının aktivlərini hədəfə aldıqdan sonra Moskva ehtiyatlı bir mövqeyə keçərək hərbi gəmilərinin bir qismini Krımdan uzaqlaşdırıb.

Peyk çəkilişləri göstərir ki:

– Ukraynanın zərbələri Rusiya donanmasının Sevastopoldakı bəzi qüvvələrinin davamlı köçürülməsinə səbəb olub,

– Rusiya həm suüstü gəmilərini, həm də sualtı qayıqlarını Sevastopoldakı əsas bazadan uzağa – Novorossiysk və Krasnodar diyarındakı limanlara köçürüb.

Ukraynanın bombardmanlarından sonra Rusiyanın dəniz qüvvələrindəki yerdəyişmə, çox güman ki, Kiyevin yenidən raket atəşlərinə başlayacağı ilə bağlı Moskvada yaranan həyəcanla əlaqəlidir.

Lakin Ukraynanın budəfəki əməliyyatları 2023-cü ilin yayında və payızında Rusiya donanmasına qarşı qabaqlayıcı zərbə kampaniyasının nəticələrindən zəifdir.

Ona görə də Kiyev Rusiyanın Ukrayna limanlarını tamamilə blokadaya almaq səylərini poza bilmək qabiliyyətini gücləndirməkdə çətinlik çəkə bilər.

Ukrayna qoşunlarının hərtərəfli, davamlı və sistemli hücumlarının baş verməsi üçün Qərbin hərbi dəstəyi mütləqdir.

Amma Ukraynaya hərbi yardım kampaniyası məsələsində tərəddüdləri çoxalan Qərbin ehtiyatlı davranışı Rusiya Prezidenti Vladimir Putini daha da cəsarətləndirir.

Putinin ənənəvi illik mətbuat konfransında “xüsusi hərbi əməliyyat”ın öz məqsədinə çatana qədər davam edəcəyini söyləməsi Qərbin Kiyevə zəifləyən yardımları fonunda diqqət çəkir.

SXEM:

– Putin Ukraynaya qarşı sərt ritorikasını yumşaltmır;

– Kiyev geri çəkilməyib mübarizə aparacağını bildirir;

– Qərb Ukraynanı pərdəarxasında Rusiya ilə sövdələşməyə təhrik edir.

Bu kontekstdə, bəlkə də, Qərb Rusiya ilə Ukrayna arasında etibarlı broker imici ilə meydandakı şərtləri dəyişdirməyə çalışır, lakin Kiyevdən sona qədər dirənmək siqnalları həmin səyləri zəiflədir.

Bu tempin uzunmüddətli və ya yaxınmüddətli ola biləcəyini proqnozlaşdırmaq daha çox Ukrayna qoşunlarının əldə edə biləcəyi nəticələrlə düz mütənasibdir.

Hərçənd, getdikcə Ukraynanın xeyrinə proqnozlar çıxarmağa əsas verən ipucları da müharibənin alovları içərisində əriyib gedir və Kiyevin dalana dirənməsi prosesi Qərbin də kartlarını dəyişdirir.

Rusiya və Qərb Ukraynadakı müharibəni qlobal hesablarda önə çıxmaq şansı kimi qiymətləndirir, Kiyev isə öz dərdinə əlac qılmağın çətinliyini getdikcə daha aydın dərk edəcək.

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir