İranın daha bir bazası hədəfdə: HƏMAS-a zərbəni üzərinə götürən husilər – ŞƏRH + FOTO

Dünya


Yəməndəki husi qiyamçıları Qırmızı dənizdə gəmilərə, neft tankerlərinə hücum edir. Bu, regionda yeni münaqişə ocağının yaranması kimi də dəyərləndirilir.

Ağ Evin milli təhlükəsizlik məsələsi üzrə sözçüsü Con Kirbi həmin su hövzəsində baş verən hadisələrə toxunaraq bildirib ki, husilər hücumları dayandırmalıdır.

Pentaqonun başçısı Lloyd Ostin İsrailə səfəri çərçivəsində ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşərək bölgədəki vəziyyəti müzakirə edib.

Yeri gəlmişkən, HƏMAS İsrailə hücum edəndən iki gün sonra oktyabrın 9-da husilər İsrailə müharibə elan etdiyini açıqlayıb. Hətta, Yəməndən İsrail istiqamətində raket belə atılıb. Bu günlərdə isə qiyamçılar İsraillə bağlılığı olan gəmilərə, tankerlərə hücum edəcəklərini açıq şəkildə bildiriblər.

Qırımız dəniz isti və duzlu dənizlərdəndir. O, qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan, Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmənlə əhatə olunub. Qırmızı və Aralıq dənizini Süveyş kanalı birləşdirir. Odur ki, bu, neft və neft məhsullarının da daşındığı əsas yollardan biridir. HƏMAS-ı dəstəkləyənlər İsrailə qarşı mübarizə kimi Qırmız dənizlə ticarətin dayandırılmasına səy göstərir. Bu təhdid nəticəsiz olmayıb. Artıq Böyük Britaniyanın bp şirkəti husi qiyamçılarının gəmi və tankerlərə hücumunu əsas göstərərək Qırmız dənizlə tankerlərinin neft daşınmasını müvəqqəti olaraq dayandırıb. Ondan bir neçə gün əvvəl isə Danimarkanın “A.P. Moller-Maersk”, Almaniyanın “Hapag-Lloyd”, Fransanın “CMA CGM” və İsveçrənin Aralıq dənizi gəmiçilik (MSC) şirkətləri də uyğun addım atıblar.

Husilərin təhdid və hücumlarını neytrallaşdırmaq məqsədi ilə ABŞ-nin təşəbbüsü ilə Böyük Britaniya, Kanada, Fransa, İspaniya, İtaliya, Niderland, Norveç, Bəhreyn, Seyşel adalarının daxil olduğu koalisiya yaradılıb. Bu birlik Lloyd Ostinin Bəhreynə səfəri zamanı açıqlanıb.

Ötən gün İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Əlirza Təngsiri bildirib ki, okeanda raketlə silahlanmış gəmilərində 55 min yerli bəsic (SEPAH-ın yarımhərbi könüllü kadr bazası) qüvvələri cəlb edilib. Onları “kölgə donanması” adlandıraraq qeyd edib ki, İranın cənubundakı bir sıra sahil kəndləri onların idarə etdiyi döyüş gəmiləri ilə təchiz olunub.

O, Körfəzdəki Bəsic dəniz qüvvələrinə 55 min könüllünün və 33 min gəminin daxil olduğunu bildirərək, ikinci mərhələdə onların İranın şimalında (Xəzər dənizində) yerləşdiriləcəyini vurğulayıb. Ə.Təngsiri bununla Azərbaycanla İsrail münasibətlərini də təhdid edir.

Qırımızı dənizdə gəmilərə və tankerlərə hücumu husilərin reallaşdırdığı iddia olunur. Təbii sual yaranır: bu əməllərdə İran hakimiyyətinin barmağı varmı?

Bu il İran, Rusiya və Çin Hind okeanında və körfəzdə dəfələrlə hərbi manevr keçirib. Hətta, bu su hövzəsində üçlükdən ibarət güclü bir ittifaqın yaranacağı da ehtimal olunur. Bəzi təhlilçilər bunun dünyada ən güclü ittifaq olacağını belə iddia edirlər.

Belə bir vəziyyətdə Yaxın Şərq bölgəsində ABŞ-nin koalisiyası ilə bu ittifaqın qarşıdurmasının yaranması ehtimalı yaranır. Ancaq onların birbaşa üz-üzə gələcəyi ehtimalı azdır. Çünki bu savaşdan daha çox Çin ziyan görəcək. O isə iqtisadiyyatının yüksəlişdə olduğu bir dövrdə belə qarşıdurmaya çətin gedər.

Rusiya və Çin üçün bu oyunu Tehran hakimiyyəti daha uğurlu oynaya bilər. Çünki bütün istiqamətlərdə bu rol münasibdir. Odur ki, husi kimi silahlılardan piratsayağı istifadə edirlər. İran bu hücumlarda nəyi hədəfləyir?


Tehranın əsas məqsədi İsraili dünyanın siyasi xəritəsindən silməkdir. Bundan başqa regionda hegemon olmağı qarşısına başlıca məqsəd olaraq qoyub. Bu hədəfə doğru irəliləməkdə ona mane olanlara qarşı ya döyüşür, ya da problemlər yaradır. Səudiyyə Ərəbistanı ilə münasibətlərinin keçmişini yada salmaq olar. Yaxud Türkiyə-İran arasında zaman-zaman gərginlik də buna örnəkdir. HƏMAS-ın İsrailə hücumu İran üçün istəklərini reallaşdırmaq, yaxud gücünü göstərmək üçün əlverişli şərait yaradıb. HƏMAS onun və arxasında duran güclərin təmsilçisidir. Heç şübhəsiz bu qruplaşma İsrail ordusu ilə döyüşlərdə zəifdir. Onun indiyədək müqavimət göstərməsində Tehranın rolu olduğu danılmazdır. HƏMAS-ın Qəzza zolağından sıxışdırılması İran və onun arxasında durna güclərin İsrailə təsir imkanlarının məhdudlaşdılması deməkdir.


İran İsraili müdafiə edən güclərin diqqətini HƏMAS-dan yayındırmaq məqsədi ilə nəzarəti altında olan qüvvələrdən istifadə edir. Suriyada və İraqda ABŞ-nin hərbi bazalarına hücumlar, Livanda “Hizbullah”ı İsrail ərazisini raket atəşinə tutması, bir də husilərin Qırmızı dənizdə piratçılığı belə yayındırıcı manevrlərdəndir. Tehran hakimiyyəti bu yolla həm də dünya bazarında xam neftin süni şəkildə qalxmasına nail olmağa səy göstərir. Bununla da, gündəlik tələbat malların bahalaşacağını hədəfləyir. Rusiya-Ukrayna müharibəsində taxıl böhranı zamanı baş verən gərginliyin effektini yaratmağa cəhd göstərilir. Qırmızı dənizi sahillərindəki ölkələrin xüsusi ilə Səudiyyə Ərəbistanı, Ədən körfəzi, Bab-əl-Məndəb boğazı, Qırmız dəniz, Süveyş kanalı ilə dünyanın müxtəlif ölkələrinə və geri neft də daxil olmaqla mallar daşıyırlar. Tehran Qırmızı dəniz hövzəsini təhlükəli bölgə halına gətirməklə İsraili dəstəkləyən, yardım edən ölkələrin iqtisadiyyatına zərbə vurmağa çalışır.

İran hakimiyyəti və onun havadarları husilərin hücumu ilə HƏMAS-İsrail müharibəsinin miqyasının genişləndiyi təəssüratını yaratmağa çalışdıqlarını da ehtimal etmək olar.

İran hakimiyyəti və dəstəkçilərinin birlikdə yaratdıqları çoxşaxəli yayındırıcı manevr nəticəsində ABŞ koalisiyasının husi bazalarına, daha yaxın məsafədən zərbələr endirəcəyi ehtimalı da artır. Bu isə nəticə etibarı ilə İranın Livan, Suriya və İraqdan sonra daha bir silahlı qruplaşma düşərgəsinin hədəfə alınması deməkdir. Beləliklə, İran hakimiyyəti özünümüdafiə məqsədi ilə daha bir bazasını, husiləri qalxan edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir