Qızı ilə birgə hakimlik edən azərbaycanlı: “Bir oyunda 15 sarı vərəqə göstərmişdim” – MÜSAHİBƏ + FOTO

Dünya


“Qızımı oyuna hazırlamağım üçün çox vaxt lazım oldu. Oyun start götürdükdən sonra hiss etdim ki, o, artıq tam hazırdır”.

Bu sözləri “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədri, İslandiyada hakimlik və məşqçilik edən Zakir Həsənov AZƏRTAC-ın suallarını cavablandırarkən deyib. Həmin müsahibəni təqdim edirik.

– Zəhmət olmasa, əvvəlcə özünüzlə barədə məlumat verərdiniz.

– Mən 1965-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakıxanov qəsəbəsində yerləşən 6 nömrəli idman internat məktəbini bitirmişəm. Daha sonra Dəniz Balıq Sənayesi Kollecinə daxil olmuşam. Məzun olduqdan sonra məni gəmidə işləmək üçün Rusiyaya göndərdilər. Ardınca İslandiyaya gəldim və burada da gəmidə işlədim. 1997-ci ildən İslandiyada yaşayıram. 2006-cı ildə burada “Azəri” Azərbaycan-İslandiya Cəmiyyətinin əsasını qoydum. Azərbaycanlı xanımla evliyəm, iki qız, bir oğlan övladım var. Burada, eyni zamanda, məşqçilik məktəbini bitirmişəm. Hazırda həm də UEFA B kateqoriyalı məşqçiyəm. “Akureyri” klubuna başçılıq edirəm. Həmçinin, iki ildir İslandiya Futbol Federasiyasının hakimiyəm. 15 yaşlı oğlum cüdo ilə, 13 yaşlı oğlum futbolla məşğul olur. 14 yaşlı qızım Leyla Həsənova isə yenicə hakimliyə başlayıb.

– Bu yaxınlarda Akureyri şəhərində keçirilmiş Kyarnafed Liqasında qızınızla birlikdə hakimlik etmisiniz. Tarixdə ilk dəfə azərbaycanlı ata və qızı hakim kimi meydana çıxıblar. Təəssüratınızı bilmək maraqlı olardı.

– Görüş xoş təəssüratla yaddaşımda qaldı. Qızımı oyuna hazırlamağım üçün çox vaxt lazım oldu. Oyun start götürdükdən sonra hiss etdim ki, o, artıq tam hazırdır. Ona görə də görüş bizim üçün çox yaxşı keçdi. Bu, onun idarə etdiyi ilk matç idi. Leyla hazırda 9-cu sinifdə oxuyur. 10 illik məktəbi bu il bitirəcək. Çünki dərslərini əla oxuyur. İnanıram ki, o, gələcəkdə əla hakim olacaq.

– Qızınız hazırda İslandiya Futbol Federasiyasının ən gənc hakimidir. Onun bu işə maraq göstərməsində, yəqin, sizin rolunuz olub…

– Özüm təcrübəli hakiməm. Qızım hakimlər məktəbini bitirdikdən sonra İslandiya Futbol Federasiyasında işə başladı. Kyarnafed Liqası hər il qış aylarında qapalı meydançalarda təşkil olunur. Çempionat isə ancaq yay aylarında keçirilir. Çünki burada doqquz ay hava qarlı və şaxtalı keçir. Akureyri şəhərində yaşadığım üçün hər il bu turnirdə hakimlik edirəm. Ölkə çempionatı başlayanda isə digər şəhərlərdə keçirilən matçlara da təyinat alıram. Qızımın hakimliyə həvəsi mən idarə etdiyim oyunları izlədikdən sonra yaranıb. Biz çox zaman birlikdə futbol oynayırdıq. Hətta bir dəfə futbol matçını izləmək üçün ailəmlə Londona getmişəm. İslandiyaya gələndən futbolla məşğul oluram. Sonra düşündüm ki, bu sahədə özümü inkişaf etdirməliyəm. Ona görə də hakimlik və məşqçilik üzrə təhsil almağa qərar verdim.

– Hazırda həvəskar, yoxsa peşəkar liqaların oyunları idarə edirsiniz?

– Həm həvəskar, həm peşəkar liqa matçlarını idarə edirəm. Burada 15 yaşdan 18 yaşadək olan futbolçular arasında turnirlər keçirilir. Axırıncı dəfə 18 yaşadək futbolçulardan ibarət komandanın görüşünü idarə etmişəm.

– Hansı liqanın oyunlarında hakimlik etmək daha çətindir?

– Fikrimcə, həvəskar liqanın oyunlarını idarə etmək daha çətindir. Çünki oradakı futbolçular olduqca cəlddirlər və meydanda çox qaçırlar.

– Siz həm də “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədrisiniz. Bu işləri eyni anda görmək çətinlik yaratmır?

– Mən uzun müddətdir bu dörd işi eyni anda icra edirəm. Ona görə də artıq öyrəşmişəm və heç bir çətinlik olmur. İslandiya kimi uzaq ölkədə Vətənimi təmsil etməkdən qürur duyuram.

– Bu vaxta kimi İslandiyada başqa hansı oyunlara təyinat almısınız?

– İslandiyada Premyer Liqa, I, II, III və IV divizionlar var. İlk dəfə qadınlar arasında ölkə çempionatının oyunlarında hakimlik etmişəm. Amma kişilərin yarışına təyinat ala bilmədim. Çünki orada UEFA testi verməli idim. Təəssüf ki, alınmadı.

– İdarə etdiyiniz görüşlərdən sizin üçün ən yaddaqalanı hansı olub?

– Ötən il kişi futbolçular arasında III divizionda referi kimi fəaliyyət göstərirdim. Bir oyunda 15 sarı vərəqə göstərmişdim. Bu hal ilk dəfə baş verirdi. Həmçinin, bu yaxınlarda 18 yaşadək oğlanlar arasında keçirilən “Reykyavik” turnirində hakimlik edəndə çox təəccüblü halla rastlaşdım. Bir oyunçunun ayaqları yox idi, protez taxırdı. Bir neçə dəqiqə, sadəcə, onu izlədim, məəttəl qalmışdım. Birinci hissədə onun protezlərlə qaçdığına heç fikir verməmişdim. Yalnız ikinci hissədə mənə yaxınlaşıb söz soruşanda onun ayaqlarının olmadığını anladım.

– Azərbaycan çempionatının oyunlarını izləyirsiniz? Sizcə, İslandiya və Azərbaycan futbolu arasında nə kimi fərqlər var?

– Bəli, izləyirəm. Amma İslandiya çempionatı daha çox xoşuma gəlir. Çünki burada klublar arasında rəqabət daha güclüdür və onların hər biri qələbə qazana biləcək potensialdadır. Azərbaycan Premyer Liqasında isə həmişə eyni komandaları ilk üçlükdə görürük. Deməzdim ki, iki ölkənin futbolu arasında böyük fərq var. Azərbaycanda “Qarabağ” aşkar favoritdir. “Sabah”ın da güclü komanda olduğunu söyləmək olar. Həmçinin, Şahin Diniyevin rəhbərlik etdiyi “Səbail” də iddialılar sırasındadır. Şahin müəllimlə eyni məktəbi bitirmişik. Onunla birlikdə futbol da oynamışıq. Digər məsələ ondan ibarətdir ki, İslandiyadan fərqli olaraq, Azərbaycanda azarkeşlər stadiona elə də çox gəlmirlər. Bunun səbəbini bilmirəm. Bundan başqa, Azərbaycan klublarında legionerlərin sayı çoxdur. Amma İslandiyada vəziyyət belə deyil. Burada hər komandada bir, ya iki əcnəbi futbolçu çıxış edir. Hətta bəzi klublar var ki, orada legioner oyunçuya rast gəlmək mümkünsüzdür.

– Şahin Diniyevdən bəhs etdiniz. Onun komandası hazırda turnir cədvəlində üçüncü pillədədir. Sinif yoldaşınızın işini necə qiymətləndirirsiniz?

– Şahini çox yaxşı tanıyıram. Gözəl insandır, həm də əla futbolçu olub. Məşqçi kimi də öz sözünü deyə bilir. Bunu qazandığı nəticələr də göstərir. Komandası yaxşı çıxış edir. Getdikcə inkişaf edirlər.

– Azərbaycanlı hakimlər Çempionlar Liqası, Avropa Liqası kimi turnirlərə təyinat alırlar. Bir neçə gün öncə FIFA referisi Əliyar Ağayev Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilmiş oyunu idarə etdi. Həmin matçı izləmək imkanınız oldu?

– Bəli, oyunu izlədim. Matçın baş hakiminin azərbaycanlı olduğunu eşidəndə dedim ki, bu oyuna baxmalıyam.

– Hazırda Azərbaycanın ən yaxşı hakimi hesab olunan Əliyar Ağayevin idarəçiliyi sizi qane etdi?

– Əliyar çox güclü hakimdir, onun idarəçiliyini yüksək qiymətləndirirəm. Qarşılaşmanı da çox yaxşı idarə etdi.

– Yerli hakimlərdən başqa kimləri qeyd edə bilərsiniz?

– Təcrübəli hakimlərimizdən Elçin Məsiyevi tanıyıram. O da cavan və istedadlı referidir.

– Azərbaycanlı hakimlərin yaxın gələcəkdə Avropa və dünya çempionatları kimi nüfuzlu turnirlərə təyinat almaq şanslarını necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, hakimlərimiz belə yüksəksəviyyəli oyunlara təyinat almalıdırlar. Məsələn, İslandiyada hələ VAR sistemi tətbiq edilmir. Azərbaycanda isə bu sistem ötən ildən var. Azərbaycan hakimləri mütləq böyük yarışlarda olmalıdırlar. Hakimlərimiz öz işlərinin öhdəsindən çox yaxşı gəlirlər. UEFA və FIFA onlara inanmalıdır.

– İslandiyada VAR sisteminin tətbiq edilməməsi işinizi çətinləşdirmir?

– Sözsüz ki, VAR tətbiq olunsaydı, daha yaxşı olardı. Hakimlər üçün oyunları idarə etmək bir qədər asanlaşardı. VAR olmadan oyun idarə etmək çox çətindir.

– Hansısa oyunda azarkeşlərin təzyiqinə məruz qalmışınız?

– Düzdür, bəzi hallarda hakimlər təzyiq altında olurlar. Belə hallarla tez-tez rastlaşırıq. Amma İslandiyadakı azarkeşlər tamam başqadırlar. Onlar çox çılğın deyillər. Oyunun gedişindən asılı olmayaraq, hisslərini cilovlaya bilirlər. Hətta oyunlarda polislər də olmur. Nisbətən vacib və böyük matçlarda bir-iki  polisə rast gəlmək olar. Çünki azarkeşlər özlərini çox yaxşı aparırlar, problem yaratmırlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir