İsrailin Qəzza zolağındakı hərbi kampaniyası tarixdə ən ölümcül və ən dağıdıcı kampaniyalardan biridir.
Bu barədə ekspertlərə istinadən məlumat yayılıb.
ABŞ-nin Nyu York Şəhər Universitetindən Kori Şer və Oreqon ştatının Dövlət Universitetindən Camon Van Den tərəfindən “Copernicus Sentinel-1” peykindən alınan məlumatların təhlilinə əsasən, Qəzzada anklavın şimalındakı bütün binaların üçdə ikisindən çoxu və Xan-Yunis şəhərinin cənub bölgəsindəki binaların dörddə biri dağıdılıb.
“Qəzza indi kosmosdan başqa rəngdə görünür. Bu artıq fərqli bir teksturdur”, – deyə Şer bildirib.
Bəzi hesablamalara görə, İsrailin Qəzza zolağına endirilən zərbələr miqyasına görə İkinci Dünya müharibəsi zamanı Almaniyanın müttəfiq qüvvələrinin bombardmanını və ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın İraqda “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının məhv edilməsi əməliyyatını üstələyib. Belə ki, ABŞ-li hərbi tarixçi Robert Peypin fikrincə, 1942-1945-ci illərdə müttəfiqlər Almaniyada binaların təxminən 10%-ni dağıdıblar, Qəzza zolağında isə binaların 33%-dən çoxu artıq dağıdılıb. Britaniyanın “Airwars” qeyri-kommersiya təşkilatının verdiyi məlumata görə, 2014-2017-ci illərdə İraqda İŞİD-ə qarşı kampaniya zamanı koalisiya respublika ərazisinə 15 minə yaxın zərbə endirib. Ötən həftə isə İsrail ordusu Qəzza zolağına 22 min zərbə endirdiyini bildirib.
Mənbə: Associated Press
www.102info.az