Elxan Poluxov: “Azərbaycanın mövqeyi Misirdə anlayışla qarşılanır” – Səfirlə MÜSAHİBƏ

Dünya


Ərəb dünyasının ən nüfuzlu ölkələrindən biri olan Misir İsrail və HƏMAS-ın üç aya yaxındır müharibə şəraitində olduğu Yaxın Şərq regionundakı hadisələrə təsir edir. Hərbi əməliyyatların səhnəsinə çevrilmiş Qəzza zolağında Azərbaycan vətəndaşları da daxil olmaqla insanların təxliyəsi məhz Qahirə vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı (MƏR) fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Oxu.Az-ın müxbiri ilə söhbətində Qahirənin Bakının hazırkı böhrandan xeyli əvvəl səsləndirdiyi balanslı mövqeyinə necə reaksiya verməsindən danışıb. Xatırladaq ki, Bakı BMT-nin təsdiq etdiyi və İsrailin imtina etmədiyi “iki xalq, iki dövlət” prinsipini dəstəkləyir.

– Həmsöhbət olduğum misirli ekspertlər demoqrafik və digər amilləri nəzərə alaraq ölkələrini ərəb dünyasında ən nüfuzlu dövlətlərdən biri adlandırırlar…

– Şübhə yoxdur ki, Misir – ərəb dünyasının aparıcı ölkələrindən biridir. Hətta iqtisadi baxımdan müəyyən problemlər olsa belə, siyasi, coğrafi, demoqrafik, hərbi baxımdan regionun liderlərindən biridir. Respublikanın coğrafi mövqeyinə baxın: limanları sayəsində Şimali və Mərkəzi Afrikaya giriş qapısına çevrilib, Avropa məkanlarına daxil olmaq üçün də infrastrukturu qurulu vəziyyətdə olan Misirdən istifadə edilir. Deməli, bu baxımdan misirli ekspertlərin rəyi ilə razılaşmaq olar.

– “İki xalq, iki dövlət” prinsipini müdafiə edən Bakının Fələstin məsələsində mövqeyinə misirlilər necə baxırlar?

– Azərbaycanın mövqeyi beynəlxalq prinsiplərə uyğundur. Misir də eyni prinsipə əməl edir: iki dövlət (paytaxtı Qüds olan Fələstin və İsrail – red.) olmalıdır. Ona görə də Bakının mövqeyi tam başa düşülür. Bununla paralel olaraq, Misir görür ki, Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı kimi çətin vəziyyətdə olan Fələstin xalqının dəstəklənməsinə öz töhfəsini verir – BMT-nin humanitar yardım göstərən strukturlarına maliyyə vəsaiti ayırır. Azərbaycanın Misirdəki bütün hərəkətləri anlayışla qarşılanır.

– Yeri gəlmişkən, Qəzza zolağında və İordan çayının Qərb sahilində fələstinlilər arasında keçirilən son sorğular göstərdi ki, fələstinlilərin əksəriyyəti “iki xalq, iki dövlət” prinsipinin əleyhinədir. Hansı səbəbdən belədir? Başa düşürəm ki, bu məsələ Azərbaycanın Qahirədəki səfirliyinin diplomatik səlahiyyətlərindən kənara çıxır, amma bəlkə, öz fikrinizi bölüşəsiniz?

– Düzgün qeyd etdiniz ki, bu məsələ səfirliyimizin səlahiyyətindən kənardır. Amma qeyd edə bilərəm ki, bu münaqişənin (Fələstin-İsrail – red.) çox dərin kökləri var, ilk vaxtlarda fərqli çalar almışdı, zaman keçdikcə vəziyyət dəyişdi. İndi dünyada belə bir anlayış var ki, iki dövlət olmalıdır. Amma uzun müddət bu qavrayışa töhfə verməyən məlumatlar yayımlanıb, ola bilsin ki, bu da belə bir mövqenin formalaşmasına səbəb olub.

Ermənistandakı vəziyyətə baxın. Orada cəmiyyətin əhəmiyyətli hissəsi Azərbaycanın öz ərazisində suverenliyini bərpa etdiyini və heç kimi qovmadığını anlamır, bu, müvafiq məlumatın təqdim edilməsinin nəticəsidir. Halbuki, Azərbaycan Respublikası öz dövlətini ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisində qurub.

Ona görə də təfərrüata varmadan qeyd edim ki, əhaliyə KİV-in hansı narrativi aşılamasından çox şey asılıdır.

– Sizcə, Misir niyə öz sərhədlərini Qəzza zolağından olan qaçqınlar üçün açmır? Fələstinlilər misirlilərdən nə dərəcədə fərqlənirlər? Ərəb dilində çoxlu dialekt olduğundan dildə ciddi fərqlər varmı?

– Ərəb dünyası kifayət qədər müxtəlifdir, söhbət həm insanların zahiri görünüşündən, həm də dildən gedir. Birləşdirici amil Qurana əsaslanan akademik ərəb dilidir – bu, ərəb dünyası xalqlarının bir-birini anlamasına şərait yaradır. Amma müxtəlif ölkələrdə küçə dili ədəbi dildən hətta şivəyə görə deyil, dialektlərə görə fərqlənir.

Fələstinlilər Qahirə və ya İsgəndəriyyədəki misirlilərdən bir az fərqli danışırlar. Misirin əsas hissəsi ilə Fələstin arasında məsafə var; baxmayaraq ki, Sinay yarımadası Misir ərazisidir, orada əhali sıx məskunlaşmayıb. Fələstindən çıxan Azərbaycan vətəndaşlarına görə mən də Rəfahda (Sinayda – red.) sərhəddə olmuşam. İnsanlar, əsasən, dəniz sahillərində yaşayırlar, mərkəzdə isə – səhra olan hissələrdə – əhali çox deyil.

MƏR-in sərhədləri açmaq istəməməsinə gəlincə, bunu ölkənin milli maraqları diktə edir. İsraillə sərhəd təhlükəsizliyi və səyahət qaydaları ilə bağlı razılaşmalar var. Bundan əlavə, 100 milyondan çox əhalisi olan Misirdə artıq qonşu ölkələrdən 10 milyona yaxın qaçqın var. Qaçqınların növbəti dalğasını qəbul etmək Qahirə üçün çox çətin olacaq.

Davam edək. Sinay yarımadası kifayət qədər səhralıq ərazidir. 2,5 milyon fələstinlinin hamısı Qəzza zolağından çıxmaq qərarına gəlsə, orada necə yaşayacaq?

Misirin rəsmi mövqeyi ondan ibarətdir ki, ölkə Qəzza əhalisinə hər cür yardım və dəstəyi göstərəcək, lakin onların öz ərazisinə buraxılmasını planlaşdırmır.

– Nə qədər Azərbaycan vətəndaşını Qəzza zolağından çıxarmaq mümkün olub?

– Bu, Misir və İsraildəki səfirliklərimizin, eləcə də Misirin müvafiq strukturlarının iştirak etdiyi bir prosesdir. Biz vətəndaşlarımızın müraciətləri əsasında işləyirik. Biz insanların vətəndaşlığını müəyyənləşdiririk, təsdiq olunarsa, repatriasiyanı təşkil edirik. Artıq iki qrup olub, birincidə səkkiz nəfər, ikincidə dörd nəfər var idi. Ümumilikdə artıq 12 nəfər Azərbaycana göndərilib, lakin əlavə müraciətlərin daha çox olacağı barədə məlumatımız var.

Biz vətəndaşlarımız haqqında məlumat alanda müvafiq işlər görürük. Bu, çox da sürətli proses deyil, çünki İsrail tərəfinin razılığı, Qəzza zolağındakı strukturlarla koordinasiya, sonra isə Misir tərəfinin təsdiqi lazımdır.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir