Güclü zəlzələnin baş verdiyi Yaponiyanın Noto yarımadası daha bir təbii fəlakətlə üzləşib. Belə ki, regionda şiddətli qar yağacağı gözlənilir, bundan əvvəl isə yağış və dolu yağıb. Bu da zəlzələnin nəticələrini aradan qaldırmağı və axtarış-xilasetmə əməliyyatının aparılmasını çətinləşdirib.
Proqnozlara görə, bu gün 60 sm-ə qədər qar yağa bilər. Xilasedicilər xəbərdarlıq ediblər ki, aşağı temperatur və güclü qar yağması zədələnmiş binaların uçmasına da səbəb ola bilər.
Yerli hakimiyyət orqanları uzunmüddətli qar yağacağı halda əsas yolları müvəqqəti bağlamağı planlaşdırır, bu isə zərərçəkənlərə təcili yardımın çatdırılmasını çətinləşdirə bilər.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb. Azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 195 nəfər hələ də itkin düşənlər siyahısındadır. Ölkədə seysmik aktivlik yüksək olaraq qalır. İşikavada təxminən 30 min insan sığınacaqlarda yaşayır. Zəlzələ nəticəsində yolların zədələnməsi zərər çəkmiş bölgələrə humanitar yardımın çatdırılmasına maneçilik törədir.
Mənbə: NHK
www.102info.az