Sülh müqaviləsi: Ermənistanın kənar təzyiqlərdən xilas yolu – ŞƏRH + FOTO

Dünya


2020-ci ildə baş tutan 44 günlük II Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazla bağlı əsas prioriteti sülh müqaviləsi və regional əməkdaşlığın təmin olunmasıdır. Rəsmi Bakı bunun üçün hərbi və diplomatik səylərini ortaya qoyur. 2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunandan sonra isə Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində yeni imkanlar yarandı.

Bu gün İrəvanla Bakı arasında müxtəlif səviyyələrdə və formatlarda təmaslar davam edir. Etiraf etmək lazımdır ki, münasibətlərin normallaşması istiqamətində müəyyən yol qət edilib. Bu istiqamətdə beynəlxalq vasitəçilərlə və ya vasitəçilərsiz müəyyən addımlar atılıb.

Roma Papası I Fransisk yanvarın 8-də Azərbaycan və Ermənistana növbəti dəfə çağırış edib. O, hər iki tərəfi sülhün təmin olunmasına səsləyib. Roma Papası, digər beynəlxalq oyunçular əvvəllər də dəfələrlə oxşar açıqlamalar veriblər. Sülh istəmək özlüyündə yaxşıdır. Amma həm də bunun üçün çalışmaq, əməli addımlar ortaya qoymaq lazımdır.

Məsələ ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsinin üzərindən üç ildən çox vaxt keçməsinə və Azərbaycanın səylərinə baxmayaraq, sülhün əldə olunmamasının konkret səbəbləri var. Prosesin inkişafına mane olan əsas məqamlardan biri Ermənistan hakimiyyətinin sürüşkən xarici siyasəti, həmçinin lazımi siyasi iradə ortaya qoya bilməməsidir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmilər sülhə sadiq olduqlarını dəfələrlə bəyan ediblər. Buna baxmayaraq, onlar sözlərini əməldə təsdiqləməyə çətinlik çəkirlər. Rəsmi İrəvan hələ də müəyyən iddialarla, şərtlərlə çıxış edir. Ən əsası isə vaxtı uzatmağa çalışır. Əlbəttə, bu, həm də üçüncü güclərin Ermənistana təhriklərinin siyasətidir. Təkcə onu deyək ki, Hindistan, Fransa kimi dövlətlərin Ermənistanı sürətlə silahlandırması heç də sülhə töhfə vermir. Bu, əksinə olaraq, bölgədə vəziyyətin daha da gərginləşməsinə, Ermənistan daxilindəki revanşistlərin ayağa qalxmalarına şərait yaradır.

İkincisi, bu gün Ermənistan Qərblə Rusiyanın arasında qalıb. Paşinyan hakimiyyəti hər iki tərəfi qane etməyə çalışır. Bu isə həmin tərəflərin “sifariş verdiyi mahnıya oynamaqla” nəticələnir. Elə ona görə də deyirik ki, rəsmi İrəvan, nəhayət, siyasi iradə ortaya qoymalıdır.

Qeyd etdiyimiz kimi, rəsmi Bakı artıq ərazi bütövlüyünü təmin edib. Azərbaycan beynəlxalq və regional aktorlarla uğurlu, davamlı münasibət qurub. Odur ki, indi sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Ermənistan hakimiyyətində lazımi siyasi iradə yoxdur. Paşinyan gah Rusiyanın, gah da Qərbin sifarişlərini yerinə yetirir. Bu isə qarşı tərəfin addımlarının proqnozlaşdırılmasına çətinlik yaratmaqla yanaşı, həm də Ermənistanı bir dövlət kimi beynəlxalq əməkdaşlıqdan təcrid edir.

Ermənistan artıq Azərbaycanın sülh səylərinə cavab verməlidir. Nəzərə almaq lazımdır ki, sərhədlərin delimitasiya və demarkasiyası hələ həllini tapmayıb. Əgər belə davam edərsə, İrəvan nala-mıxa vurmağı dayandırmazsa, Azərbaycan sərhəd xətlərini özü müəyyənləşdirə bilər. Bu da Ermənistan üçün yaxşı nəsə vəd etmir.

Odur ki, Ermənistan vaxt itirmədən əməli, ciddi addımlar atmalıdır. Çünki hər ötən gün Paşinyan hakimiyyəti daha ağır durumla üzləşir. Sülhün təmin olunması Ermənistan üçün, əslində, çıxış yoludur. Məhz sülh sayəsində rəsmi İrəvan kənar oyunçuların təzyiqlərindən qurtulacaq və yeni təhlükəsiz əməkdaşlıq çətirinə daxil olacaq.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir