Fransanın anti-Azərbaycan siyasəti: tükənməyən riyakarlıq silsiləsi – ŞƏRH

Dünya


Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə ərazi bütövlüyünü təmin etdi. Nəticədə Cənubi Qafqazda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar həm də oyun qaydalarını dəyişdi. Bir çox dövlət, hətta 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan belə, bu reallıqları müəyyən mənada qəbul etdi. Başa düşdü ki, artıq Azərbaycanla hesablaşmaq lazımdır.

Buna baxmayaraq, hələ də özünün destruktiv mövqeyini davam etdirən dövlətlər var. Fransanın bu sırada öndə olduğunu desək, yəqin ki, yanılmarıq.

Rəsmi Paris anti-Azərbaycan mövqeyini müxtəlif formalarda göstərir. Onun Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, casusluq fəaliyyəti göstərməsi və özünün beşinci kolonunu yaratmaq cəhdləri Yelisey Sarayının Bakı ilə bağlı mövqeyinin aydın təzahürüdür. 2023-cü ilin dekabrında Bakıda saxlanılan Fransa vətəndaşı Martin Rayanın ölkəsinin xeyrinə casusluq məqsədilə istifadə olunduğu üzə çıxıb. Paris əvvəllər də Azərbaycanda oxşar cəhdlər edib. Aydın məsələdir ki, bu cür cəhdlərlə də kəşfiyyat məlumatları əldə etməyə çalışır.

Amma Parisin riyakarlığı bununla bitmir. Qarabağda “mədəni irsə təhlükə”yə dair əsassız iddialar irəli sürən bu ölkədə azərbaycanlı şairə Natəvanın heykəli təhqir olunur, abidəyə qarşı vandalizm aktı həyata keçirilir. Məlumata görə, 2024-cü ilin ilk günlərində Evian-le Bon şəhərində heykəlinin üzərinə qırmızı boya atılıb. Bundan sonra isə abidənin ümumiyyətlə götürüləcəyinə dair məlumat yayıldı. Rəsmi Bakı operativ surətdə məsələyə münasibət bildirdi. Bu, öz yerində. Əsas sual budur: Fransa bununla nə demək istəyir? Özünü mədəniyyət beşiyi kimi təqdim edən ölkə nə üçün bu cür rəzilliyə əl atır? Əlbəttə, bu cür təxribatçı addımlar ikitərəfli münasibətləri daha da gərginləşdirir. Daha maraqlısı və əslində həm də təəssüf doğuran hal ondan ibarətdir ki, UNESCO kimi mötəbər qurum dünyada mədəni irsin mühafizəsi ilə məşğul olmaq əvəzinə, Fransanın bir qurumu funksiyasını yerinə yetirir. Bütün dünya xalqları üçün açıq olmalı olan bu təşkilatın şəxsi heyətinin 50 faizindən çoxu tək Fransanın payına düşür.

Başqa bir məqam da ondan ibarətdir ki, söz və ifadə azadlığını əlində bayraq edərək digər ölkələri tənqid edən Fransada jurnalistlərin azad fəaliyyətinə maneələr törədilir. Ötən il Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Şengen vizası olmasına baxmayaraq ona qarşı nalayiq, qəddar rəftar Fransanın riyakarlığının növbəti nümunəsidir.

Qeyd etdiyimiz kimi, Fransa anti-Azərbaycan siyasətini müxtəlif formalarda davam etdirir. Bunun üçün erməni “kartından” da geniş istifadə olunur. Rəsmi Paris bölgənin ən zəif bəndi olan İrəvanı silahlandırmaqla, şirnikləndirməklə Bakının maraqlarına zərbə vurmağa çalışır. Məlum olduğu kimi, hazırda Azərbaycanın əsas prioriteti Cənubi Qafqazda sülhün və əməkdaşlıq mühitinin təmin olunmasıdır. Amma Fransa Ermənistana silah satmaqla iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur, İrəvandakı revanşist qüvvələri qızışdırır. BMT Təhlükəsizlik Şurasında və Afrikadakı uğursuzluğunu həzm edə bilməyən Fransa beynəlxalq aləmdə uğur hekayəsini “erməni kartı” ilə qazanmağa çalışır. Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsinə qarşı etdiklərini indi Azərbaycana qarşı edir.

Onu da deyək ki, Fransa “başqasının gözündə çöp axtarsa da, öz gözündəki tiri görə bilmir”. Belə ki, Fransa hökuməti öz tənqidçilərini nəinki ölkəyə buraxmır, hətta başqa Avropa ölkələrinə səfərlərini də əngəlləməyə çalışır, bunun üçün digər ölkələrə təzyiqlər edir. Bu isə başqa vaxt demokratiyadan, insan azadlığından danışan, bu prinsiplər altında “pərdələnən” Yelisey Sarayının əslində özünün özünü ifşa etməsindən başqa bir şey deyil. Əlbəttə, Fransanın uğursuz cəhdləri həm də Avropa İttifaqının beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurur. Şəxsən prezident Emmanuel Makronun və Fransanın dünyadakı nüfuzunun sürətlə azalması, həmçinin Fransadaxili siyasətindəki böhran birbaşa olaraq bu dövlətin uğursuz, qeyri-səmimi siyasəti ilə bağlıdır.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov açıq şəkildə bildirib ki, Fransanın ermənipərəst mövqeyi Bakı və İrəvan arasındakı sülh perspektivinə zərbə vurur. Əslində bu, Paris üçün ciddi mesajdır. Yelisey Sarayının Azərbaycanın maraqlarını görməzdən gəlməsi ikitərəfli münasibətləri gərginləşdirməklə yanaşı, həm də Parisin Cənubi Qafqazla bağlı planlarının üstündən xətt çəkir. Çünki bölgənin aparıcı aktoru məhz Azərbaycandır. Beynəlxalq oyunçular, o cümlədən Fransa da bunu unutmamalıdır.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir