Nağıllarla reallığın vəhdəti: İstanbul hər addımda təəccübləndirir – “Kaspi”nin REPORTAJI + FOTO

Dünya


Şəhərin mərkəzi küçələrində əliboş adam görmək çətindir. Geri dönüşdə təyyarə salonunda əl baqajı yeri uğrunda mübahisə edən bizimkilər üçün isə İstanbul alış-verişdən ötrü ideal şəhərdir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Bakıdan İstanbula uçan təyyarə tam doludur. Salonda əyləşən sərnişinlər “deyəsən, Azərbaycanda adam qalmayıb”, – deyə bir-biirlərinə gülümsəyirlər. “Görəsən, İstanbulda Yeni il necə qarşılanır?” sualı ilə hər kəs təqvim ilinin dəyişməsini bu meqapolisdə qeyd etməyə tələsir…

Türkiyədə 2024-cü ili qeyd etmək üçün insanlar Yeni il marşrutu kimi İstanbulu təsadüfən seçməyiblər. Əvvəla, tətil günlərində iki qitəyə – Avropa və Asiyaya səyahət etmiş olurlar. İstanbulun “Travel + Leisure” jurnalının “2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer” siyahısında yer alması da bu istəyi xeyli gücləndirib. Şəhərin köklü tarixi, memarlıq inciləri, zəngin qastronomiyası, mədəniyyəti, heyrətamiz Bosfor boğazı, tarixi məhəllələr və əlverişli alış-veriş təklifləri turistlərə rəngarəng təcrübələr vəd edir.


İstanbul dünyanın digər şəhərləri kimi deyil, hər addımda təəccübləndirir. Müxtəlif dövrlərin üst-üstə düşməsi, üslubların qarışığı, nağıllarla reallığın vəhdəti bu şəhəri ilin istənilən vaxtında cəlbedici edir. 

Yeni il marşrutu kimi

İstanbul Yeni il marşrutu seçilsə də, burada təqvim ilinin dəyişməsi Avropa ölkələrindəki və ya Rusiyadakı kimi təntənəli qeyd olunmur. Düzdür, ötən illərlə müqayisədə bəzi mərkəzi yerlərdə qurulan “yolka”ların sayı çoxalıb, mağazaların vitrinlərində, restoranlarda və s. məkanlarda Yeni il atributlarından ibarət dekorlara rast gəlinir. Restoran terraslarından canlı musiqilərin səsi yayılır. Amma şəhərdəki çoxluq daha çox ənənəvi turizm izdihamıdır. İnsanlar Boğaziçi üzərində bayram atəşfəşanlığını səbirsizliklə gözləyirlər. 


Taksim meydanına, İstiqlal caddesinə və digər tarixi məkanlara daxil olmaq üçün uzun növbələr gözləyən turistləri görüncə, rəsmilərin “Türkiyəni tətil istiqaməti seçən xarici turistlərin sayı ildən-ilə çoxalır” açıqlamalarının real təsdiqinin şahidi oluruq. 

Əcnəbi turistlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi Ayasofya, Sultan Ahmet Camisi, Yerebatan Sarnıcı, Topqapı Sarayı kimi məşhur məkanlarda çoxluq təşkil edirlər. Hər bir səyahətçinin görmək istədiyi bu memarlıq əsərlərinə baş çəkmək üçün uzun-uzadı növbələr gözləməlisən. Turistlər arasında ruslar, yunanlar, çinlilər və italyanlar çoxluq təşkil edir. 


İstanbulun qədim məhəllələrində, dar küçələrində gəzmək unudulmaz hisslər yaşadır. Küçə yeməklərini dadmaqla kulinariya çeşidlərindən həzz alan insanlara biz də qoşuluruq. Vazkeçilməz küçə ləzzətləri – simit, dönər, kokoreç, midye dolması, səyyar arabalarda satılan qovurulmuş və qızardılmış şabalıd turistləri xüsusilə cəlb edir. Karaköy və Eminönü kimi dənizkənarı məhəllələrdə “balık-ekmek” yemək isə səyahəti daha da ləzzətli edir. Qiymətlər isə ötən illə müqayisədə xeyli bahalaşıb. Əgər turistlər əvvəllər yüngülvarı bir axşam yeməyi üçün 150-200 tl (9-12 AZN) ödəyirdilərsə, indi ən azı 300-350 tl (17-20 AZN) xərcləməli olurlar. Hotel rezervasiyalarında da qiymətlər bahalaşıb. 

“Həm ziyarət, həm ticarət”

Muzeylərə biletlərin qiymətləri də keçən illə müqayisədə artıb. Məsələn, Dolmabahçe Sarayına türk vətəndaşları üçün giriş bileti 150, əcnəbi vətəndaşlar üçün 1050 tl (61 AZN) olub. 


İstanbula səyahət edənlər meqapolisin tarixi bazarlarında, dükanlarla dolu küçələrində, müasir ticarət mərkəzləri və lüks butiklərində alış-veriş etməyi də xoşlayırlar. Şəhərin mərkəzi küçələrində əliboş adam görmək çətindir. Geri dönüşdə təyyarə salonunda əl baqajı yeri üçün mübahisə edən bizimkilər üçünsə İstanbul alış-verişdən ötrü ideal yerdir. Məşhur filmdəki kimi –  “həm ziyarət, həm ticarət” yeri…

Haliç üzərində Balat və Fənər

Qatarla İstanbuldan çox da uzaq olmayan Fatih rayonunun Haliç üzərindəki tarixi məhəllələlərinə – Balat və Fənərə baş çəkmək də məsləhətdir. Bu məhəllələr son dönəmlərdə turistləri xüsusilə cəlb etməyə başlayıb. Burada şəhərin canlı tarixini öz gözlərinizlə görməyiniz mümkündür. 


Balat və Fənər – ən qədim İstanbul sayılır, Konstantinopolun keçmişinə “füsunkar pəncərə” də deyirlər. Bu məkanlar hələ Bizans dövründə İstanbulun önəmli bölgəsi olub. Hər ikisi şəhərin tarixini və mədəni müxtəlifliyini nümayiş etdirən unikal məhəllələrdir. Balat nərdivanları bu tarixi məhəlləni Fənər rayonu ilə birləşdirir. B️alat və Fənərin rəngli evləri, tarixi tikililəri, dar küçələri, kiçik və orijinal kafeləri, kilsə və sinaqoqları bölgəni turistik məkan kimi məşhurlaşdırıb. Məhəllələrdəki dini mərkəzlər təkcə ibadət yeri deyil, bölgənin tarixi mədəni sərvətləridir. Bu mərkəzlərə gündəlik turlar təşkil olunur. Məhəllələrin önəmi həm də vaxtilə bu ərazilərdə müsəlman, xristian və yəhudilərin birgə yaşaması, multikultural ənənələridir.


Balatda qədim əşyalar satılan antik dükanlar turistləri cəlb edir. Onlar tez-tez keçirilən auksion və hərraclara qatılırlar. “Bura tipik alış-veriş bölgəsi deyil. Turistlər yalnız auksionda qədim əşyalar, keramika və ikinci əl kitablar ala bilərlər”, – deyə oturduğumuz kafenin sahibi məhəllələr haqqında məlumat verir: “İstanbullular üçün Balat və Fənər xüsusilə həftə sonları səhər yeməyi üçün məşhur məkanlardır”.

Səyahəti unudulmaz edən anlar

Qış olmasına baxmayaraq, bayram günlərində İstanbulda havanın mülayimliyi və günəşli olması yeni tarixi məkanlara, qədim məhəllələrə səyahət etməyə imkan yaradır. Turistlər bərə və ya qayıq turunda İstanbulun Anadolu Kavağı və ya Bebek kimi mənzərəli bölgələrini gəzməklə tətillərini daha rəngarəng edirlər. 


Beşiktaş rayonundan bir saatlıq məsafədə yerləşən Sarıyer, zənginlərin yaşadığı Bebek, ən məşhur turistik yerlərdən biri olan Karaköy rayonuna gəzintilər isə səyahəti daha da unudulmaz edir. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir