Fransa ictimaiyyətinin nümayəndələri: “Evianda baş verənlər erməni diasporunun fəaliyyətinin nəticəsidir”

Dünya


Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Natəvanın heykəlinə qarşı vandalizm aktı yerli ictimaiyyətin nümayəndələrinin də narazılığına səbəb olub.

“Report”un Fransa bürosuna açıqlamasında Fransanın fəxri senatoru Alən Vassel (Alain Vasselle) Evianda baş verənlərin absurd və obyektivlikdən uzaq, ermənipərəst qüvvələrin əməlləri olduğunu bəyan edib.

O qeyd edib ki, hadisələrə narazılıq bildirməyin müxtəlif yolları var.

“Lakin yazıçı-şairlər bizim tariximizdir. Dümanın və şair şahzadə Natəvan kimi dahilərimizin əsərləri bizim mədəni irsimizin bir hissəsidir və mədəniyyətimizə məxsusdur. Evianda baş verənlər absurddur və obyektivlikdən tamamilə uzaq olan ermənipərəst qüvvələrin əməllərinin nəticəsidir”, – o deyib.

Sabiq senator onu da əlavə edib ki, Azərbaycana sülh yolu ilə öz sərhədlərini bərpa etməsi üçün şərait yaradılmalı idi: “Ermənistan və Azərbaycan diplomatik kanalları vasitəsilə danışıqlar masası arxasına əyləşmək barədə razılığa gəlinməli idi. Azərbaycana sülh yolu ilə öz suverenliyini bərpa etməsi üçün şərait yaradılmadı”.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber (Jerome Lambert) isə bəyan edib ki, Evian şəhər meriyasının əl atdığı əməllər tamamilə yersizdir və çox güclü olan erməni diasporunun fəaliyyətinin nəticəsidir.

“Azərbaycan Ermənistan tərəfindən 30 il bundan qabaq işğal olunmuş əraziləri üzərində öz suverenliyini bərpa etdikdən bəri Azərbaycana qarşı, xüsusilə də Fransada müxalif qüvvələr baş qaldırıb. Bu müxalifət vəziyyətdən narazı olan Fransadakı erməni diasporundan qaynaqlanır. Bu müxalifət hətta isterik davranışlara belə əl atır. Belə ki, Azərbaycanla əlaqəsi olan bütün simvollara, yerlərə əl atmağa çalışılır. Erməni diasporunun Fransadakı bir sıra nümayəndələri fransalı siyasət adamlarını Azərbaycana qarşı qızışdırmağa çalışırlar”, – J.Lamber deyib.

O bildirib ki, Azərbaycana qarşı aparılan mənfur əməllərə heç bir əsas vermək mümkün deyil: “Azərbaycan öz hüquqlarını bərpa edib. Fransada Azərbaycana qarşı fəaliyyət göstərən ermənipərəst müxalif qüvvələr Azərbaycan və Ermənistan arasında sülhün yaranmasına mane olur. Evian şəhər meriyasının əl atdığı əməllər tamamilə yersizdir və çox güclü olan erməni diasporunun fəaliyyətinin nəticəsidir”.

“Mən Evian şəhərində Azərbaycan şairi Xurşidbanu Natəvanın abidəsinə qarşı olunan pis rəftardan çox kədərlənirəm”.

Bu sözləri isə “Report”un yerli bürosuna Fransa Milli Assambleyasının və NATO-nun Parlament Assambleyasının fəxri üzvü Jan-Lük Reitzer (Jean-Luc Reitzer) deyib.

“Azərbaycanla Fransa arasında hər bir sahədə – istər iqtisadi, istər mədəni və digər sahələrdə hər zaman gözəl münasibətlər olub. Lakin bu gün Fransada bir çoxları Azərbaycanı tanımadan, tarixini bilmədən, Azərbaycana heç zaman ayaq qoymadan ona qarşı mövqe tutmaqdadırlar. Mən bu gün ölkəmdə Azərbaycanın mövqeyinə göstərilən ədalətsiz münasibətlərdən çox kədərlənirəm”, – o bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir