Ermənistanın tarixi səhvi: Paris İrəvanı aldadır – ŞƏRH + FOTO

Dünya


2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə keçirilən birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb. Bunu Ermənistan özü də etiraf edir. Rəsmi Bakı regional əməkdaşlıq mühitinin təmin olunması və sülh sazişinin imzalanması üçün bütün səylərini ortaya qoyur. Buna baxmayaraq, 44 günlük savaşın üzərindən üç ildən çox vaxt keçməsinə rəğmən, hələ də sülh sazişi imzalanmayıb.

Bunun obyektiv və subyektiv səbəbləri var.

İlk növbədə, konkret bir səbəb barədə – Fransa-Ermənistan münasibətlərindən danışmaq istərdik. Məsələ ondan ibarətdir ki, dövlətlər arasındakı ikitərəfli təmaslar və bu əlaqələrin getdikcə inkişafı heç də konstruktiv xarakterli deyil. Əksinə, dağıdıcılığa xidmət edir.

Bir sıra beynəlxalq aktorlar kimi, rəsmi Parisin də Cənubi Qafqazla bağlı öz maraqları var. Yelisey sarayı bölgədəki maraqlarının təmin olunması üçün gərginlik yaratmağa və bundan istifadə etməyə cəhd göstərir. Hərçənd, bu, Fransanın keçmişlə yaşaması deməkdir. Çünki artıq regionda münaqişə yoxdur. Azərbaycan öz səyləri ilə münaqişə səhifəsini bağlayıb. Bu məqamda Fransa keçmişə yox, gələcəyə baxmalı, bölgənin aparıcı dövləti olan Azərbaycanla əlaqələrin perspektivi barədə düşünməlidir.

Əlbəttə, Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi hökumət Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Bu, açıq görünür. Fransa özü də başa düşür ki, Azərbaycana təsir imkanı yoxdur. Ona görə də öz çirkin maraqlarının təmini naminə Ermənistandan istifadə edir. Parisin İrəvanı silahlandırması, onu şirnikləndirməsi, həmçinin Yelisey sarayının zaman-zaman Bakı əleyhinə səsləndirdiyi bəyanatlar, qərəzli fikirlər birbaşa olaraq Ermənistanın başının altına yastıq qoymaq deməkdir.

Burada bir məqama diqqət yetirək: dünən, yanvarın 18-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşüb. Onlar Cənubi Qafqazdakı son durumu müzakirə ediblər. İki sual yaranır: Birincisi, Fransa regiondan nə istəyir? İkincisi, Ermənistan Fransadan nə umur?

Dediyimiz kimi, Paris öz ambisiyaları naminə İrəvandan alət kimi istifadə edir. Ermənistanın gələcəyi, dövlətçiliyi onu qətiyyən maraqlandırmır. Biz eyni strategiyanı müxtəlif dövlətlərin timsalında, dünyanın fərqli regionlarında da görürük – böyük güclər “piyada”lardan istifadə edir və çox vaxt onları qurban verirlər.

Ermənistana gəldikdə isə deməliyik ki, bu dövlətin həqiqəti anlaması, reallıqları başa düşməsi daha faydalıdır. Fransa uzun illərdir ki, Ermənistanı dəstəkləyir. Rəsmi Paris 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi ancaq Ermənistanın vaxt udması üçün çalışdı. Amma nəticədə nə oldu? Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan “dəmir yumruğun” zərbəsi altında əzildi. Hərçənd, Ermənistan vaxtında dinc yolla torpaqları Azərbaycana qaytarsa idi, indi xeyli inkişaf etmişdi. Çünki regional əməkdaşlıq mühiti çoxdan təmin olunar, nəqliyyat-kommunikasiya xətləri açılar, iqtisadi əməkdaşlıq qurulardı.

Ermənistanın hazırkı hakimiyyəti doğrudanmı bunu anlamır?

Hələlik görünən odur ki, İrəvan Parislə əməkdaşlıq etmək, Makronun və digərlərinin ətəyindən yapışmaqla asan yolu seçir. Bu yol rahat görünə bilər, lakin İrəvanı uçuruma aparır.

Böyük ehtimalla, prezidentlərin dünənki söhbəti də daha çox destruktiv xarakterli olub. Fransa yenə də Ermənistanın beynini yumağa çalışıb.

N.Paşinyan da, V.Xaçaturyan da papaqlarını qabaqlarına qoyub düşünməlidirlər. Elə tarixin səhifələrini vərəqləmək kifayətdir ki, rəsmi İrəvan lazımi qərarı versin.

Beləliklə, aydındır ki, Fransa hər fürsətdə Ermənistanı öz toruna salmağa, belə demək mümkünsə, başını aldatmağa çalışacaq. Amma əgər İrəvan dövlətçiliyinin gələcəyinin sual altında olmasını istəmirsə, regional əməkdaşlıq mühitinin təmin olunmasını arzulayırsa, təlqin, təhrik və təzyiqlərdən xilas olmalı, başqasının yox, özünün maraqlarına uyğun addımlar atmalıdır.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir