Britaniyada bir qrup “üsyançı” parlamentari və onların tərəfdarları baş nazir Rişi Sunakın Britaniya parlamentinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması üçün fəaliyyətə keçiblər.
Bu barədə “The Times” nəşrində məqalə dərc olunub.
Nəşrin yazdığına görə, “üsyançı” parlamentarilər hesab edirlər ki, Mühafizəkarlar Partiyası bu ilin mayında keçiriləcək yerli seçkidə uğursuzluqla üzləşə bilər. Beləliklə, onların cəmi üç ay vaxtı var ki, qalan deputatları hazırkı baş nazirə qarşı etimadsızlıq qərarının çıxarılmasına inandırsınlar və yeni partiya liderinin, yəni gələcək hökumət başçısı seçkilərinin keçirilməsinə nail olsunlar.
Beləliklə də 10-a yaxın parlamentari Rişi Sunakın hökumət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün işə başlayıb. Mühafizəkar deputat Saymon Klark açıq şəkildə baş nazirin istefasına çağırıb. Sunakdan narazı olan partiya üzvləri arasında, həmçinin 2023-cü ilin noyabrında onun tərəfindən vəzifəsindən uzaqlaşdırılan Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Suella Braverman da var.
Qeyd edək ki, “YouGov”un 14 min insan arasında keçirdiyi sorğunun nəticələrinə görə, Mühafizəkarlar Partiyası 1997-ci ildən bəri ən böyük məğlubiyyətlə üzləşə bilər. İndiki Sunak hökumətinin 11 naziri yenidən parlamentə seçilməmək riski ilə üz-üzədir ki, onların arasında Maliyyə Nazirliyinin rəhbəri Ceremi Hant da var.
Xatırladaq ki, dekabrda baş nazirin şəxsi reytinqi rekord minimuma enib. “YouGov” sorğusunda iştirak edənlərin 70%-i Sunak haqqında mənfi rəy bildirib. Respondentlərin yalnız 21%-i onun haqqında müsbət fikirdə olub.
www.102info.az