Peter Dunai: “Budapeştdə Avropanın ikili standartlarından danışırlar” – MÜSAHİBƏ

Dünya


Bu həftə Türkiyə nəhayət, İsveçin Şimali Atlantika Alyansına daxil olmasını iki mərhələdə təsdiqlədi. Əvvəlcə Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya edib. Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin bu qərarını rəsmən təsdiqlədi.

Yanvarın 26-da Türkiyə dövlət başçısı bildirib ki, İsveçin NATO-ya üzv olmaq ərizəsi təsdiq edildikdən sonra Ankara Türkiyəyə “F-16” qırıcılarının satışı ilə bağlı ABŞ-dən erkən qərar gözləyir.

ABŞ Prezidenti Co Bayden artıq Konqresə məktub göndərərək “F-16”ların Türkiyəyə satışına razılıq verilməsini xahiş edib. Söhbət 40 yeni “F-16 Blok 70” qırıcısından, onlarla “F-16 Blok 70” təkmilləşdirmə dəstindən və 900-dən çox “hava-hava” raketindən getdiyinə dair məlumatlar var idi.

İndi hər şey ABŞ Konqresinin qərarından asılıdır, ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Konqres onlara rəsmi məlumat verənə qədər silah satışını və ya təhvilini təsdiq və ya irəli sürmək niyyətində olmadığını bildirib.

Ölkə hökuməti artıq parlamenti ilk fürsətdə İsveç protokolunu ratifikasiya etməyə çağırmağına baxmayaraq, Macarıstan İsveçin müraciətini hələ təsdiq etməyib.

Yeri gəlmişkən, bu həftə Macarıstanın baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristerssonu bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün Budapeştə dəvət edib. Bununla belə, İsveçin xarici işlər naziri Tobias Billstrem bildirib ki, hazırkı mərhələdə Macarıstan tərəfi ilə müzakirələr üçün heç bir səbəb görmür. Eyni zamanda, Macarıstan parlamentinin yaz sessiyası üçün proqramında İsveçin NATO-ya daxil olması məsələsinin müzakirəsi nəzərdə tutulmayıb.

Macar jurnalist və analitik Peter Dunai vəziyyəti Oxu.Az-a şərh edib.

– Macarıstanın baş naziri Viktor Orban bir müddət əvvəl bəyan etmişdi ki, onun ölkəsi İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləyən sonuncu dövlət olmayacaq. Amma əslində fərqli oldu, indi Stokholmun Şimali Atlantika Alyansına qoşulması yalnız Macarıstandan asılıdır.

– Bəli, belə oldu. Maraqlıdır ki, Macarıstanın baş naziri Viktor Orbanın İsveçin baş naziri Ulf Kristerssona göndərdiyi Budapeştə gəlmək dəvətinə İsveç tərəfi birmənalı cavab verməyib. Ona görə də, baş verənləri izah etmək çətindir. Bəlkə isveçlilər Macarıstandan əlavə nəsə istəyirlər, yoxsa Budapeşt əlavə şərtlər irəli sürür?

Əvvəllər Macarıstanın İsveç tərəfinin Macarıstan demokratiyasının mövqeyinə və qiymətləndirməsinə görə, isveçlilərlə problemləri var idi. Viktor Orban Stokholmdan verilən açıqlamaları o qədər də müsbət qarşılamadı və görünür, isveçli həmkarı ilə şəxsən danışmaq qərarına gəlib.

Qeyd etmək istəyirəm ki, Budapeşt və Ankara İsveçi NATO-ya qəbul etmək üçün öz hərəkətlərini əlaqələndirmədilər. Bunlar paralel də olsa, iki fərqli proses idi. İndi İsveçdə yeni sağçı hökumət var, yəni sağçı qüvvələrin də hakimiyyətdə olduğu Macarıstanla heç bir ideoloji ziddiyyət olmamalıdır. Buna görə də Budapeştin niyə Stokholmun müraciətini hələ də təsdiq etmədiyini izah etmək çətindir.

– Amma Avropa İttifaqı Macarıstana tranşların buraxılmasını gecikdirir…

– …Macarıstan parlamentinin İsveçlə bağlı qərarının gecikdirilməsi ilə Aİ tranşları arasında müəyyən əlaqənin ola biləcəyini nəzərdə tutursunuzsa, prinsipcə bunu istisna etmək olmaz, lakin bu versiya o qədər də populyar deyil. İsveç heç vaxt bu məsələdə qarant olmayıb.

Başqa bir məsələdə də Avropada Macarıstanın heç bir hüquqi dövlət meyarına cavab verməməsi kimi fikrin olmasıdır. Amma Budapeştdə hesab edirlər ki, bunlar Avropa strukturlarının ikili standartlarıdır, çünki problemi başqa ölkələrdə yox, yalnız Macarıstanda axtarırlar.

Türkiyənin aydın və konkret şərtləri var idi. Göründüyü kimi, Ankara “F-16 Blok 70/72” qırıcılarının son modifikasiyalarının tədarükü ilə bağlı ABŞ-dən zəmanət alıb. Bunlar çox yaxşı təyyarələrdir, onları qonşumuz Slovakiya alır.

– ABŞ-lilər əvvəllər heç vaxt vədlərinə əməl etməyiblər. Türkiyəyə yeni “F-16”ların və onların komponentlərinin satışı ilə bağlı vədlər əvvəllər də verilib.

– Sırf nəzəri cəhətdən bu dəfə də belə ola bilər. ABŞ indi daha yaxşı vəziyyətdədir, onlar artıq Türkiyədən İsveçin NATO-ya daxil olması üçün icazə alıblar, lakin hələ də təyyarələri təhvil verməyiblər. Bunlar, tutaq ki, Ankaranın götürdüyü biznes riskləridir.

– Siz dediniz ki, Budapeşt və Ankara İsveçin NATO-ya qəbulu üçün öz hərəkətlərini əlaqələndirməyiblər. Amma ola bilərmi ki, Ankara indi Budapeşt İsveçin müraciəti ilə bağlı qərarla bir az gecikməyinə ümid edir və Türkiyəyə “F-16”ların satışı ABŞ Konqresi tərəfindən təsdiqlənməsə, Türkiyə rəhbərliyi macar həmkarlarından İsveç ərizəsinin müzakirələrini təxirə salmağı xahiş edəcək?

– Bu suala cavab verərək deyim ki, bu versiya nə qədər inanılmaz görünsə də, onu istisna etmək olmaz (gülür).

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir