Fransa-Korsika qarşıdurması kəskinləşir – ŞƏRH + FOTO

Dünya


Korsika xalqı ilə Fransa arasında əsrlər boyu davam edən anlaşılmazlıq və gərginliklər mərkəzi hakimiyyəti narahat edən əsas məsələlərdən biri olub. Əksər hallarda, əvvəlki Fransa hökumətləri korsikalı həmkarları ilə ən həssas məsələlərdə kompromis tapmağı bacarırdılar.

Lakin bu dəfə hər şey fərqlidir. Əsasən, ona görə ki, son günlər Korsika müxalifətinin fikrincə, adada fərqli düşünən insanlara qarşı repressiya güclənib.

“Nazione” millətçi hərəkatının iki fəalının Fransa polisi tərəfindən həbs edilməsi bundan narazı olan vətəndaşların səfərbər olması ilə nəticələnib. Daha sonra, yəni yanvarın 31-də, onlar Parisə aparılıblar. Bu məsələ ilə tanış olan mənbənin sözlərinə görə, hər iki şəxs son fəaliyyətləri ilə bağlı aparılan məhkəmə istintaqı çərçivəsində həbs edilib.

Bu məqamda qeyd edək ki, həbs edilənlərə dəstək aksiyasında, həmçinin, Bastiya Bələdiyyə Şurasının üzvləri, o cümlədən bələdiyyə sədri Pyer Savelli, merin müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə şurasının üzvü Lauda Qidiçelli də iştirak ediblər. Etiraz aksiyasında iştirak edən Josefa Cakometti-Piredda söyləyib ki, bu aksiya zorakılıq və qəbuledilməz üsullarla həyata keçirilən həbslərə sürətli cavab olmalıdır.

“Nazione” üzvləri bu həbslərin vaxtının təsadüfən seçilmədiyini düşünürlər: bu həbslər yeni müstəqillik hərəkatının yaradılmasından bir neçə saat sonra və “Bovo” qurama prosesi çərçivəsində daxili işlər naziri Jerald Darmanenin səfərindən cəmi bir neçə gün əvvəl həyata keçirilib.

Yeri gəlmişkən, “Bovo” prosesi ilə Prezident Emmanuel Makron tərəfindən Fransa daxilində Korsika üçün muxtariyyətin yaradılması və ada ilə metropol arasında barışıq yolunun tapılması üçün komissiyanın təşkil edilməsi nəzərdə tutulur. Xatırladaq ki, onun tarixi E.Makronun ilk dəfə prezident seçilməsindən altı il sonraya – adada iğtişaşlar baş verdikdən sonra bununla bağlı səylər göstərdiyi dövrə uzanır. O vaxt Fransa dövlət başçısı Ayaççodakı yerli Assambleyaya müraciət etdi.

“Gəlin cəsarətli olaq və respublika daxilində Korsika muxtariyyəti yaradaq”, – E.Makron Korsika millətçilərinin üstünlük təşkil etdiyi, həmin şəxslərin bəzilərinin Fransadan müstəqilliyi ciddi şəkildə dəstəklədiyi zaldakı çıxışında bildirmişdi.

Yerli seçkidə millətçilərin qələbəsindən təxminən bir il sonra Korsikanın şikayətlərinə baxmaq məsələsi çox aktual idi. Üstəlik, 1998-ci ildə Korsikada yüksəkrütbəli fransız məmur olan prefekt Klod Erinyakın qətlinə görə ömürlük həbs edilən korsikalı millətçi İvan Kolonnanın həbsxanada öldürülməsindən sonra Aralıq dənizində yerləşən bu adanı iğtişaşlar bürümüşdü.

Buna cavab olaraq minlərlə etirazçı əllərində “Statu Francese Assassinu” (“Fransız dövləti qatildir”) və “I Francesi fora” (“Fransızlar rədd olsun”) yazılmış plakatlar tutaraq adanın şəhər və qəsəbələrində yürüşlər ediblər.

Ümumiyyətlə, görünür, bu problemi həll etmək mümkün deyil. İlk növbədə ona görə ki, korsikalı millətçi qruplar E.Makronun sözlərinin qeyri-səmimi olduğunu düşünürlər. Bundan başqa, müxalifət iki fəalın son həbsini onların azadlıqlarına və mərkəzlə ada arasında gələcək dayanıqlı sülhə hücum kimi qəbul ediblər. Bu məqam Fransa daxili işlər nazirinin səfərinə mənfi təsir göstərə bilər.

“Respublika prezidentinin səfəri nəhayət ki, bəzilərində yarana biləcək bütün şübhələri aradan qaldırıb. Onlar üçün Korsika xalqı yoxdur, sadəcə, ada icması var. Buna görə də Korsika xalqının tanınması planlaşdırılmır. Əslində, bununla adanın Fransa ilə ortaq taleyinin olmadığı bir daha təkrarlanır”, – FLNC hərbiləşdirilmiş hərəkatının nümayəndələri bəyan ediblər.

Korsikanın “Core in Fronte” partiyasının lideri Pol-Feliks Benedetti də bu həbsləri qarşıdan gələn çətinliklərin ilk əlamətləri hesab edir. O, repressiya və az qala terror məntiqində hərəkət edən dövlətin daim davam edən eyni davranışını tənqid edib.

Beləliklə, iki tanınmış millətçi fəalın həbsi gərginliyi daha da artırıb və sülh ilə həll yolunun axtarışını çətinləşdirib. Fransa hökuməti korsikalıların müstəqillik tələblərinə güzəştə getmədən onların qanuni şikayətlərini təmin etmək üçün bir yol tapmağa çalışsa da, korsikalıların repressiv hərəkətlər kimi qəbul etdiyi son addımlar vəziyyəti daha da qəzlişləşdirəcək.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir