ABŞ-nin Texas ştatında böhran davam edir. Belə ki, bir müddət öncə Texasın qubernatoru Qreq Abbottun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə 50 kilometrlik sərhəd boyu tikanlı məftildən sədd çəkilib.
Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden administrasiyası bu qərardan Ali Məhkəməyə şikayət verib. Yanvarın 22-də məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib. C.Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib. Bundan sonra Texas qubernatoru ştatın ABŞ-yə xüsusi hüquqlarla daxil olduğunu nəzərə alaraq ştatın işğala məruz qaldığını açıqlayıb. Qubernator Texasın problemlərini özü həll edəcəyini deyib. Yanvarın 27-də o bildirib ki, Texas mərkəzi hakimiyyətlə münaqişəyə hazırdır.
Son məlumatlara görə, Texas rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi 102 mindən çox insanı digər ştatlara daşıyıb. Prezident seçkisi ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə çevrilib. Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən Respublikaçılar Partiyasının əlini gücləndirir. Keçmiş Prezident, respublikaçıların əsas siması sayılan Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına dönüb. O, bunu ölkəsinin tarixinin ən pis vəziyyəti kimi qiymətləndirib.
Bundan əlavə, cənub sərhədində miqrantlarla bağlı vəziyyət Konqresdə illik büdcənin müzakirəsi zamanı demokratlar və respublikaçılar arasında fikir ayrılığına səbəb olan məsələlərdən birinə çevrilib.
Ali Məhkəmənin federal sərhəd agentlərinə maneələri aradan qaldırmağa icazə verən qərarına baxmayaraq, Texas qubernatoru Meksika sərhədi boyunca tikanlı məftillərin çəkilməsinin davam etdirilməsini tapşırıb. Bundan sonra vəziyyət daha da gərginləşib.
Bir sıra amerikalı və beynəlxalq media qurumları yenidən Texasın ABŞ-dən ayrılması ehtimalından danışmağa başlayıblar. Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, ştatda qeyri-qanuni miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya əsgərlərindən ibarət bir tabor göndərəcək.
Əlbəttə, bu vəziyyət birdən-birə yaranmayıb. Hazırda davam edən xaosun arxasında bir sıra köklü səbəblər, o cümlədən ABŞ-nin beynəlxalq hüquqa hörmət etməməsi dayanır. Çünki miqrasiya beynəlxalq humanitar hüququn əsas problemlərindən biridir. Beynəlxalq hüququn tələbləri bu problemin həllini nəzərdə tutur. ABŞ isə absurd davranır: bir yandan beynəlxalq hüququ, demokratiyanı əlində “bayraq” kimi tutur, digər tərəfdən isə özü bu tələblərə əməl etmir, əksinə, miqrasiyaya rəvac verir.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Mask Texasdakı etirazları dəstəklədiklərini açıqlayıblar.
Bu, onu deməyə əsas verir ki, miqrasiya böhranı artıq həm də siyasi mübarizə predmetinə çevrilir. Ölkə daxilindəki müxalifət, C.Baydenə qarşı olan kəsim, şübhəsiz ki, bu vəziyyətdən istifadə etməyə çalışacaq. Bu isə ABŞ-dəki prezident seçkilərinə birbaşa təsir göstərəcək.
Texasdakı hazırkı vəziyyətin gələcəkdə digər ştatlara da yayılması istisna deyil. Əslində proses məhz buna doğru gedir. Çünki vəziyyət gərgindir. Necə deyərlər, artıq bıçaq sümüyə dirənib.
Siyasilərin və nüfuzlu şəxslərin Texası dəstəkləməsi bu ştatın gələcəkdə müstəqil olması ilə bağlı ehtimalları artırır. Çünki Texasın ABŞ-dən ayrılması ilə bağlı baza formalaşır.
Nəzərə almaq lazımdır ki, D.Trampın kifayət qədər tərəfdarı və nüfuzu var. O, gələcəkdə bu imkanlarından istifadə edərək mövcud vəziyyətin daha da gərginləşməsinə, habelə hakimiyyət əleyhinə etirazların başlanmasına çalışa bilər. Əgər belə olarsa, bunun günahkarı D.Tramp yox, məhz hazırkı hakimiyyət olacaq. Çünki mövcud iqtidar nə insan haqlarına, nə də beynəlxalq hüquqa məhəl qoyur. Beləliklə, “Texas böhranının” ABŞ hakimiyyətini silkələyən bir hadisə kimi tarixə düşməsi mümkündür.
“Report” İnformasiya Agentliyi
www.102info.az