ABŞ İranyönümlü hərbi qruplara qarşı əməliyyatları genişləndirib. Birləşmiş Ştatların Mərkəzi Komandanlığı fevralın 3-də gecə saatlarında İraq və Suriya ərazilərində İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və ona bağlı qüvvələrin 85-dən artıq hədəfinə 125-dən çox yüksək texnologiyalı mərmi ilə zərbə endirdiyini açıqlayıb. Bu, ABŞ-nin İordaniyadakı hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücuma cavab hesab olunur. Həmin hadisə nəticəsində ABŞ-nin 3 hərbçisi ölmüş, 40-ı yaralanmışdı. Bundan əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, İordaniyada hərbi hissəyə hücumdan sonra İranla heç bir əlaqə qurulmayıb.
ABŞ Ordusu Mərkəzi Komandanlığının rəhbəri Maykl Erik Kurila bildirib ki, Sepahın “Qüds” qanadı və onunla əlaqəli olan silahlı qruplar region, o cümlədən amerikalıların təhlükəsizliyinə birbaşa təhdiddir. Prezident Cozef Bayden isə söyləyib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumun cavabı davam edəcək, Vaşinqton Yaxın Şərqdə qarşıdurma axtarmasa da, bu cür hərəkətləri cavabsız qoymayacaq. Başqa sözlə Ağ ev “Amerikalıya zərər vurana cavab verəcəyik” prinsipinə əsasən, İraq və Suriya ərazisində əməliyyat keçirib. Yəməndə husi qiyamçılarına da zərbələr endiriləcəyi açıqlanıb.
Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə “NBC News”a müsahibəsində Vaşinqtonun Tehrana mümkün hücumu ilə bağlı sualı cavabsız qoyub. Aparıcı ABŞ hərbçilərinin İordaniyada öldürülməsinə cavab tədbiri olaraq İranın daxilinə mümkün zərbələrin endirilməsi ilə bağlı sualı üç dəfə təkrarlayıb. Lakin müşavir heç bir şərh verməyib. Bununla belə o vurğulayıb ki, Birləşmiş Ştatlar Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla kifayətlənməyəcək və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir.
ABŞ-nin müdafiə naziri Lloyd Ostin isə İraq və Suriyadakı hədəflərə zərbələrin endirilməsinin cavab tədbirlərinin yalnız başlanğıcı olduğunu deyib. Vaşinqton Tehranın xaricdəki qüvvələrinə hava zərbələri endirməklə kifayətlənmir və müxtəlif istiqamətlərdə onların fəaliyyətini məhdudlaşdırır. Məlumata görə, “Telegram” sosial şəbəkəsi İraqda İrana bağlı yaraqlıların “Sabereen News” adlı kanalını bağlayıb.
ABŞ-ın Ədliyyə Nazirliyi İranı maliyyələşdirən milyard dollarlıq transfer şəbəkəsinə qarşı terrorizm və sanksiyalardan yayınma ittihamı ilə cinayət işi açaraq 500 min barel İran nefti, habelə bu şəbəkəyə aid 108 milyon dollardan çox maliyyə vəsaitini müsadirə edib. Nazirlikdən bildirilib ki, bu, İslam Respublikasının insanları təhdid edən fəaliyyətlər həyata keçirmək üçün istifadə etdiyi pul axınının qarşısını almaq üçün atılan addımlardan biridir: “ABŞ-nin daxildə və bütün dünyada maraqlarımızı qorumaq üçün bunu etməsi çox vacibdir”.
Böyük Britaniyanın “Santander UK” və “Lloyds” banklarında İranın hesablarının aşkarlanması da nazirliyin fəaliyyətini genişləndirdiyini təsdiqləyir. Həmin maliyyə qurumlarında bank hesabları İslam Respublikasının “Neft kimya kommersiya şirkəti”nə (“Petrochemical Commercial Company”- PCC) məxsus olub. ABŞ-nin Tehran hakimiyytinə qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Britaniya banklarında hesablar açılıb. Bildirilib ki, 2019-cu ildə krallığın “UniCredit” və “Standard Chartered” bankları İrana qarşı sanksiyalar rejimini pozduqlarına görə bir milyard dollardan çox cərimələnib.
Ağ ev Yaxın Şərqdə İran hakimiyyətinin “İslam Müqavimət Hərəkatı” adı altında fəaliyyət göstərən silahlı qruplaşmalarına qarşı təkbaşına mübarizə aparmır. London bütün istiqamətlərdə Vaşinqtonu dəstəkləyir. Britaniyanın xarici işlər naziri Devid Kemeron “Sunday Times” qəzetinə müsahibəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinin təfərrüatını açıqlayıb: “Mən ona dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz”.
Bu kimi xəbərlər İran hakimiyyətinə qarşı əməliyyatın genişləndiyi qənaətinə gəlməyə əsas verir. Yaxın Şərqdə İranla ABŞ-nin müharibəsinin ərazisi, arealı artıq cızılmış da sayıla bilər. Bu qarşıdurma Tehran hakimiyyətinn silahlı qruplar şəbəkəsinin daha güclü olduğu bölgələrin də xəritəsini yaratmağa əsas verir. İran qarışıqlıq olan region ölkələrində – Suriya, İraq, Livan, Yəmən, Qəzza zolağında daha fəaldır. Belə çıxır ki, həmin ölkələrin mərkəzi hakimiyyətləri zəif olan Yaxın Şərq dövlətlərində Tehran fəallıq göstərir. Bu həm də İranın həmin ölkələrdə sabitliyin yaranmasında maraqlı olmadığını təsdiqləyir.
İslam Respublikası “düşməni başqa dövlətin ərazisində qarşılamaq” kimi təhlükəsizlik prinsipi ilə hərəkət edir. İrandakı hakim ideologiya İsrail və ABŞ-ni düşməni elan edib, onların məhv olmasını istəyir. Eyni zamanda bu istiqamətdə fəaliyyət göstərənlərlə əməkdaşlıq edir, yaxud qruplaşmalar yaradır.
Tehran rəsmilərinin açıqlamalarına əsasən demək olar ki, həmin qruplaşmalar İran hakimiyyəti ilə əlaqəli fəaliyyət göstərirlər. Odur ki, İslam Respublikası ABŞ və İsrailə qarşı müharibəni bu kimi qruplaşmaların əli ilə başqa dövlətin ərazisində aparır. Tehran bu yolla öz ərazisində müharibənin getməsini qabaqlayır, hakimiyyəti qoruyur. Onun əsas davası mövcud rejimi mühafizə etməkdir.
İndiki şəraitdə əməliyyatların İran daxilinə transformasiyası ehtimalı yoxdur. Tehranı zəiflətmək üçün əsas amil xaricdəki “müqavimət hərəkatları”nın neytrallaşdırılmasıdır. Bu, İranın Yaxın Şərqdəki əl-qolunun bağlanması ilə nəticələnər. Bu səbəbdən onlar xaricdəki qruplaşmalarını gücləndirirlər. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Bağdada səfəri zamanı da İraqla təhlükəsizlik məsələlərini müzakirə edib. Onun bu ölkədəki qruplaşmalarına ismarış çatdırdığı da istisna deyil. Çünki İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Birləşmiş Ştatlar hərbçiləri ilə birbaşa döyüşə girməmək barədə tapşırıq verib. Onun bu əmri qruplara toparlanmaq üçün vaxt vermək anlamına da gəlir.
Hadisələrə əsasən, belə ehtimal etmək olar ki, ABŞ ilə İran qarşıdurması belə tezliklə başa çatmayacaq. Savaşın bitməsi Fələstin-İsrail münasibətlərinin normallaşmasından başlayar. Belə bir vəziyyət isə həm də İranın və onu dəstəkləyənlərin regionda siyasi, hərbi və ideoloji baxımdan tərk-silah edilməsi deməkdir. HƏMAS-ın aqibəti bölgədəki güclərin toqquşmasının yekunu ola bilər. Bu həm də İran hakimiyyətilə bağlı məsələnin də böyük bir hissəsinə aydınlıq gətirər. Hələ ki Tehran hakimiyyəti ABŞ və müttəfiqləri ilə başqa dövlətlərin ərazisində döyüşür.
“Report” İnformasiya Agentliyi
www.102info.az