2024-cü ildə keçiriləcək Olimpiadanın medalları Eyfel qülləsinin dəmirindən hazırlanacaq.
Qeyd olunub ki, mükafatlar materik Fransasının konturunu simvolizə edən altıbucaqlı özəyə malik olacaq. Onların hazırlanması üçün istifadə olunan metalın bir hissəsi Eyfel qülləsindən götürülüb.
Mükafat dəstləri müsabiqənin təşkilat komitəsinin Parisdəki qərargahında təqdim olunub.
“Biz bütün medalçılara Eyfel qülləsindən bir parça təklif etmək istədik. Bu, ən qiymətli metalların – qızılın, gümüşün və bürüncün ölkəmizdəki ən qiymətli metal, xəzinə hesab edilən Eyfel qülləsi ilə birləşməsidir”, – deyə təşkilat komitəsinin rəhbəri Toni Estanqe bildirib.
Qeyd edək ki, mükafatlar “Chaumet” zərgərlik evi tərəfindən hazırlanıb. Medallar Fransa zərbxanası tərəfindən hazırlanacaq. Ümumilikdə 5 084 qızıl, gümüş və bürünc mükafatlar hazırlanacaq.
Mənbə: France 24
www.102info.az