Ərəb analitik: “Prezident İlham Əliyevin parlaq qələbəsi sabitliyə zəmanət verir” – MÜSAHİBƏ

Dünya


Fevralın 17-dək Azərbaycanda növbədənkənar prezident seçkisinin nəticələrinə yekun vurulması və nəticələrin Konstitusiya Məhkəməsinə təqdim edilməsi prosesi başa çatmalıdır. Fevralın 7-də keçirilən səsvermənin nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 92 faizdən çox səs toplayaraq inamlı qələbə qazanıb.

Azərbaycanda keçirilən seçki dünya mediasının diqqətini cəlb edib. Ərəb dünyası da istisna deyil.

Bu barədə Oxu.Az-a ərəb analitik, “Əl-Cəzirə”nin jurnalisti Fəhim əl-Surani məlumat verib:

– Dünya mediasının, o cümlədən ərəb KİV-in ölkənizdəki seçkiyə marağını təsadüfi adlandırmaq olmaz. Son illər Azərbaycan regionun görkəmli strateji oyunçusuna çevrilib və qlobal beynəlxalq layihələrdə iştirak edir. Ölkənizin iqtisadi islahatlarda böyük təcrübəsi var.

Bundan əlavə, bu, Azərbaycan Respublikasının 2020-ci ildə İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin nəticələrinə görə öz suverenliyini və ərazi bütövlüyünü bərpa edə bilməsi ilə bağlıdır. Azərbaycan öz tarixinin çox mühüm problemini müstəqil surətdə və uğurla həll etdi. Kömək etmək istəyən digər oyunçuların bütün cəhdləri uğursuz olduqda Bakı nəticəyə gətirib çıxara biləcək yeganə üsuldan istifadə edərək işi öz əlinə aldı.

Qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq növbədənkənar prezident seçkisi bütün Azərbaycanda keçirildi. Bu, çox mühüm siyasi və hətta geosiyasi məqamdır.

Ərəb dünyasının Azərbaycana marağı həm də onunla bağlıdır ki, ölkənizin əhalisinin əksəriyyəti müsəlmandır, çoxlu ortaq mədəni ənənələr var, eyni mentalitet var.

– Prezident İlham Əliyev seçkidə böyük fərqlə qalib gəldi…

– …bu, analitiklər və müşahidəçilər üçün sürpriz olmadı. İlham Əliyevin qələbəsinə heç kim şübhə etmirdi, yeganə maraq Azərbaycan dövlətinin başçısının neçə səs alacağı idi. İnsanlar gördülər ki, məhz İlham Əliyevin sayəsində tarixi hadisə baş verdi – Azərbaycanın bütün ərazisində suverenlik bərpa olundu. Təbii ki, Azərbaycan Prezidenti populyarlığının zirvəsindədir, onu ölkə vətəndaşları dəstəkləyirlər.

İndi Azərbaycan tarixində növbəti dövr başlayır, bu dövr dəyişir və növbəti illərdə bizi yeni bir formada təəccübləndirə bilər.

Mən ötən ilin sentyabr-oktyabr aylarında Bakıda olmuşam və əhalinin iqtisadi fəallığına, vətəndaşların rifahına diqqət yetirmişəm. Bu, həm də ərəb turistlər, xüsusən də Azərbaycanın paytaxtında çoxlu sayda olan Fars körfəzi ölkələrindən gələn turistlər üçün çox cəlbedicidir. İstirahət planlaşdırarkən həmişə Avropaya getməyi fikirləşənlər indi Azərbaycanı seçirlər.

Amma cəmi bir neçə il bundan əvvəl Azərbaycan ərəb ölkələrindən qonaqları cəlb edən ölkə kimi bizdə tanınmırdı, Azərbaycanın inkişaf etmiş infrastrukturundan az adam xəbərdar idi.

Düşünürəm ki, indi Qarabağın qaytarılmasından və prezident seçkisindən sonra zəngin ərəb ölkələrindən bölgəyə daha çox investisiyalar gələcək. Nəticələrini, o cümlədən ərəb investorların iştirakı ilə Qarabağın bərpasını yaxın illərdə görəcəyik. Prezident İlham Əliyevin seçkidə parlaq qələbəsi sabitliyə və təhlükəsizliyə təminat verir və bu, vacibdir. Ərəb mətbuatında dərc olunan yazılardan da göründüyü kimi, Azərbaycana böyük maraq var.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir