Azərbaycan millisinin məşqçisi dünya çempionatı zamanı qarət olunub

Dünya


“2022-ci ildə İtaliyanın paytaxtı Romada böyüklər və gənclər arasında dünya çempionatı keçirilirdi. Mən də həmin heyətlə yarışa yollanmışdım. Tələbəm Ruzanna Məmmədova qızıl medal qazandığı üçün əhvali-ruhiyyəmiz çox yaxşı idi. Bunu qeyd etmək üçün şəhər gəzintisinə çıxdıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin məşqçisi Solmaz Adilova dünya çempionatı zamanı başına gələn maraqlı əhvalat barədə danışarkən deyib.

O, Roma şəhərində çantasının naməlum şəxslər tərəfindən qarət edildiyini bildirib:

“Mən, Ruzanna və başqa bir məşqçi metroya daxil olduq. Üzərimdə şəxsi sənədlərim və idmançıların dopinq analizlərinin kağızları var idi. Bir neçə gün əvvəl yaxın dostumla danışarkən mənə orada oğruların olduğunu demişdi. Mən də Sumqayıtda böyüdüyüm üçün bunu ciddi qəbul etmədim. Fikirləşdim ki, heç kim mənə qarşı bu cür hərəkət edə bilməz. Lakin hər ehtimala qarşı yanımdakı çantanı yoxladım və xarici pasport, maaş, kommunal kartların, şəxsiyyət və sürücülük vəsiqəmin yerində olmadığını gördüm. Mənimlə yanaşı, məşqçinin də sənədlərini götürmüşdülər”.

S.Adilova oğurluq hadisəsindən dərhal sonra Azərbaycanın İtaliyadakı səfirliyinə və güləş federasiyasının rəsmilərinə məlumat verdiklərini söyləyib:

“Bütün günümü polis bölməsində keçirdim. İstirahətimiz də boşa getdi. Növbəti gün Azərbaycana qayıtmalıydıq. Gecə hoteldə olarkən bir qadından zəng gəldi və sənədlərimi tapdığını dedi. Lakin pullarım oğurlanmışdı. Sonradan cinayətkarın məhz həmin qadın olduğundan şübhələndim. Çünki mənə mesaj yazdı ki, şikayətini geri götür. Polisə xəbər verdiyimi haradan bilməsi diqqətimi çəkdi. Həm də italiyalı deyildi. Yəqin ki, pullarımı götürdükdən sonra ürəyi dözməyib, sənədlərimi geri qaytarmaq istəyib (gülür). Roma hava limanında hadisəni polislərdən birinə danışdım. Mənə dedi ki, Romada oğrular qarət etdikləri əşyalardan lazım olmayanları yandırırlar”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir