Britaniyalı musiqiçi, “Beatles” qrupunun həmtəsisçisi və sabiq üzvü Pol Makkartninin uzun illər əvvəl oğurlanmış “Höfner 500/1” gitarası geri qaytarılıb.
Söhbət Almaniyanın “Höfner” şirkətinin istehsalı olan və Makkartninin 1961-ci ildə sahib olduğu skripkaya bənzər korpusa malik məşhur musiqi alətindən gedir.
Gitara 1972-ci il oktyabrın 10-da onun mikroavtobusundan naməlum şəxslər tərəfindən oğurlanıb.
2023-cü ildə istehsalçı şirkət tərəfindən “Höfner 500/1”in axtarışına başlanılıb. Məlum olub ki, oğru Londonun “Notting Hill” bölgəsində yaşayan yerli yoxsul olub. O, daha sonra gitaranı yerli pivəxananın sahibi Ron Qestə satıb. Bundan sonra musiqi aləti Qestin böyük oğlu Qremə verilib.
Lakin Qrem gənc yaşında faciəvi şəkildə qəzada həlak olub və gitara onun qardaşı Hedinə keçib.
Hedinin (iki il əvvəl vəfat edib) xanımı Keti musiqi alətinin əlamətləri barədə eşidəndə təəccüblənib və evinin çardağında olan gitaranı aparıb qanuni sahibinə qaytarıb.
Maraqlıdır ki, Hedin və Keti cütlüyü Pol Makkartninin qonşuluğunda yaşayıblar. Müstəntiqlər ölkə üzrə axtarışlar apararkən gitaranın bu dərəcə yaxınlıqda olduğuna inana bilmədiklərini deyiblər.
Britaniya mediasının hesablamalarına görə, alət hərracda 10-15 milyon dollara satıla bilərdi.
“Ötən il başlayan “Lost Bass” layihəsindən sonra 1961-ci ildə alınan və 1972-ci ildə oğurlanan “Höfner 500/1” bas-gitara geri qaytarılıb. Musiqi alətinin orijinallığı “Höfner” tərəfindən təsdiq olunub. Pol bu işdə köməyi dəyən, iştirak edən hər kəsə inanılmaz dərəcədə minnətdardır”, – deyə Makkartninin nümayəndəsi bildirib.
Mənbə: “Telegraph” qəzeti
www.102info.az