Aleksandr Perenciyev: “Ermənistandakı Rusiya hərbçiləri girov ola bilərlər” – MÜSAHİBƏ

Dünya


“Ermənistanın baş nazirinin sərt bəyanatlarına baxmayaraq, mən hesab edirəm ki, Ermənistanla Rusiya arasındakı münasibətlərdə qırılma nöqtəsi keçilməyib. Hələlik bu gün rəsmi İrəvanın bütün şifahi ritorikası həm Rusiyaya, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) münasibətdə daha çox siyasi şantajı xatırladır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perenciyev deyib. Ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-də iştirakının dondurulması ilə bağlı sərt bəyanatlarını və guya Ermənistanda hakimiyyəti devirməyə çağıran Rusiyanın rəsmilərinə qarşı ittihamları belə şərh edib.

Xatırladaq ki, Paşinyanın bu açıqlamaları “France24” telekanalına müsahibəsində səsləndirilib.

Ermənistanın baş nazirinin Moskvadan onun əleyhinə aparılan təbliğatın bu gün də səngimədiyi fikrinə münasibət bildirən Perenciyev vurğulayıb ki, Ermənistan bir neçə məqsəd güdür:

– Birinci məqsəd Rusiya və KTMT-ni Ermənistan-Azərbaycan münaqişəsində rəsmi İrəvanın tərəfində döyüşməməyin öz səhvləri olduğunu boyunlarına almağa məcbur etməkdir.

İkinci məqsəd budur ki, İrəvan, bir növ, Rusiya və KTMT-dən Azərbaycanla qarşıdurmada Ermənistanın tərəfini açıq şəkildə tutmağı tələb edir, yəni mahiyyətcə, onlar gərək rəsmi Bakı ilə tərəfdaşlıq əlaqələrini dayandırıb, Azərbaycan ilə münaqişəli münasibətlərə girsinlər.

Üçüncü məqsəd: etiraf etmək lazımdır ki, rəsmi İrəvan yuxarıda göstərilən mövqeləri aydın ifadə etmir, lakin bunlar hələ də onun ali rəhbərliyinin bəyanatlarının sətiraltı mənası kimi ön plana çıxır. Bundan başqa, Ermənistan rəhbərliyi faktiki olaraq Fransanın simasında Qərblə Rusiya arasında sövdələşməyə şərait yaradır. Nikol Paşinyan Fransanın ona çox şey vəd etdiyini göstərir. Bəs Rusiya ona nə təklif edə bilər? Onun Fransa nəşrinə verdiyi müsahibənin sətiraltı mənası məhz budur.

– Nikol Paşinyan Fransaya səfəri zamanı deyib ki, Ermənistanla Azərbaycan arasında sülh “ağlasığmazdır”. Fransızlar Azərbaycanla sülh sazişindən imtinanın müqabilində ona nə vəd edə bilərdilər?

– Hesab edirəm ki, Qərbin simasında rəsmi Paris Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmir. Hələlik bir qədər Trotskinin mövqeyini xatırladan situasiya sezilir: “nə sülh, nə də müharibə”. Amma ondan əhəmiyyətli fərqi budur ki, heç kim ordunu buraxmır, əksinə. Paşinyan Fransadan, onun vasitəsilə isə Qərbdən Ermənistan ordusunun gücləndiriləcəyinə dair zəmanət alıb. Ola bilsin ki, bu cür güclənmənin məqsədi rəsmi İrəvanın itirdiyi Azərbaycan ərazilərinə növbəti dəfə nəzarəti ələ keçirmək cəhdi olsun. Məhz Parisdəki bu vədlər Ermənistanın baş nazirini həm rəsmi Moskvaya, həm də Azərbaycana qarşı sərt bəyanatlar verməyə ruhlandırıb.

– Bəs Ermənistan KTMT-dən çıxıb Rusiya hərbi bazasının ləğvini və Rusiya sərhədçilərinin çıxarılmasını tələb edəcəkmi? Yenə də Ermənistan Rusiyadan çox asılıdır.

– Rəsmi İrəvanın KTMT-dən rəsmən çıxacağı ehtimalı azdır. Bu addım onu ​​Qərblə sövdələşmə şərtlərindən məhrum edər. Bundan əlavə, Rusiya hərbçilərinə qarşı müəyyən təxribatların həyata keçirilməsi ehtimalı həmişə var. Əbəs yerə deyil ki, Paşinyan artıq Rusiyanın öz fərarisini Ermənistan ərazisində tutmasına narazılığını bildirir. Yəni bu halda Gümrüdəki 102-ci hərbi bazanın əməkdaşları və Rusiya sərhədçiləri İrəvanla Moskva arasında ziddiyyətli münasibətlər prosesində girov ola bilərlər.

Rəsmi İrəvan KTMT-nin üzvü statusunu, eləcə də Rusiya hərbi qulluqçularının öz ərazisində yerləşməsini saxlamaqla, bir tərəfdən, bu hərbi qurumun siyasətinə təsir etmək hüququnu özündə saxlayır. Digər tərəfdən, Rusiya, Qərb və Azərbaycan arasında manevrlər üçün şəraiti olur.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir