Qərəzli Fransa, obyektiv olmağa çalışan Almaniya: Bundestaqın komissiya sədri erməniləri məyus edib – ŞƏRH

Dünya


Ermənistanın yalanları, beynəlxalq ictimaiyyəti çaşdırmaq planları növbəti dəfə ifşa olunub. Uzun illər beynəlxalq ictimaiyyətə yalan xəbərlər yeridən müəyyən hallarda buna müvəffəq olan İrəvan hökuməti elə paytaxtda tutarlı cavab alıb.

Bu dəfə Ermənistanı yerlə bir edən Almaniya Bundestaqının hüquqi məsələlər komissiyasının sədri Elizabet Vinlekmayer-Bekker olub. İrəvanda səfərdə olan komissiya sədri erməni yalanlarının beynəlxalq ictimaiyyətə sırınması səylərini alt-üst edib. Keçirdiyi mətbuat konfransında erməni tərəfi onu təxribata çəkməyə çalışsa da, buna müvəffəq ola bilməyib.

Əksinə, beynəlxalq aləmə alman deputatın sözləri ilə həqiqət bir daha agah olub. Bu baxımdan mətbuat konfransını bir çox mənada erməni tərəfinin fiaskosu da adlandırmaq mümkündür.

Erməni jurnalistlər komissiya sədrindən Azərbaycanın Qarabağda suveren hüquqlarının bərpa edilməsinə gətirib çıxardığı antiterror əməliyyatları, eləcə də, bölgədən könüllü çıxan erməni sakinlərin guya zorla çıxarılmasına münasibət bildirmələrini istəyiblər. Erməni jurnalistlər sual ediblər ki, Almaniya Qarabağdan çıxan ermənilərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacaqmı? Cavab gözləmədikləri halda şok təsiri bağışlayıb. “Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycan ərazisindədir və heç bir halda Rusiyanın Ukraynada apardığı işğalçı müharibə ilə müqayisə oluna bilməz. Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqındırlar. Biz onlara mümkün sınaqlar zamanı dəstək məsələsində kömək edirik. Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, – o bildirib.

Maraqlı olan digər məsələ olub. Erməni tərəfi Almaniya Bundestaqının hüquqi məsələlər komissiyasının sədrinə rəsmi Berlinin Azərbaycana qarşı mümkün sanksiyalar tətbiq etməsi ilə bağlı təxribatçı sual ünvanlayıblar. O belə bir variantı istisna edib.

Erməniləri eyforiya vəziyyətindən çıxmağa çağırış edib. “Sizin bu məsələdə gözləntilərinizin dərəcəsini aşağı salmağınızı istəyirəm. Çünki indiki məqamda belə bir sanksiyaların tətbiqi sülh prosesinə ciddi maneə ola bilər”, – deyə almaniyalı deputat vurğulayıb.

Beləliklə, alman qonağın həqiqətləri ermənilər üçün soyuq duş effekti yaradıb. Erməni tərəfi gözləyirdi ki, alman heyət Avropa İttifaqı, yaxud Fransa kimi birtərəfli qaydada onlara qahmar çıxacaq. Bu da baş verməyib. Səbəblər də müxtəlifdir.

Fransadan fərqli olaraq Almaniya Ermənistanla Azərbaycan arasında yaşananlara baş verənlərə obyektiv mövqe nümayiş etdirməyə çalışır. İki ölkə arasında münaqişənin dinc, sülh yolu ilə həllinə və görüşlərin keçirilməsində vasitəçilik etməyə çalışır. Fevralın 17-də Münhendə Almaniya kansleri Olaf Şoltun Prezident İlham Əliyevlə görüş təşəbbüsü ilə çıxış etməsi bunu sübut edir. Kansler ölkəsinin Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. O.Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır. Sonra onun təşəbbüsü ilə İlham Əliyevin Şolts və baş nazir Nikol Paşinyan ilə birgə görüşü olub. Kansler Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

Almaniyanın Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirdiyini Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də deyib. Kansler Şoltsun təşəbbüsü ilə Münhendə Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Beləliklə, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən “Azərbaycan müharibəyə hazırlaşır” kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Yelisey sarayı tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir. Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Görünür, Almaniya da ermənilərin çirkin planını başa düşüb. Bu səbəbdən Ermənistanı komissiya sədri vasitəsilə cəzalandırmaq qərarına gəlib.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir