“Avroparlament neokolonizmi himayə edən yeganə parlamentar təsisatdır” – RƏY + FOTO

Dünya


“Avroparlament neokolonizmi himayə edən yeganə parlamentar təsisatdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı, qəbul etdiyi qətnamə heç bir təsir gücünə və hüquqi əhəmiyyətə malik deyil, yalnız təsisatın özünün əsl mahiyyətini ifşa edir.

Onun sözlərinə görə, təsis sənədinə əsasən, xalqların demokratik siyasi iradəsini təmsil etməli olan Avroparlament bu gün faktiki olaraq korrupsiya məqsədləri üçün alətə çevrilib: “Avropa İttifaqının (Aİ) məkanın özünün kifayət qədər problemləri olduğu halda, beynəlxalq hüququn prinsiplərinə zidd olaraq üzv olmayan bir dövlətin daxili işinə burnunu soxmaq cəhdi də məhz bu niyyətlərdən irəli gəlir. Daha dəqiq desək, Avroparlament muzdlu hücum ruporu rolu oynayır və sifariş əsasında hədəflər müəyyən edir. Bu mənada, təşkilatın qətllər, terror aktları sifarişləri qəbul edən muzdlu terror təşkilatlarından heç bir fərqi yoxdur. Sadəcə Avroparlamentin fəaliyyəti siyasi terrorda ehtiva olunur. Artıq sirr deyil ki, Azərbaycana qarşı fəaliyyətdə aktivlik göstərən deputatlar qrupu isə sifarişi bir qayda olaraq Brüsseldə yaşayan erməni əsilli mafioz – brilyant alverçisi Kaspar Karapetyandan və Fransanın xüsusi xidmət orqanlarından alır”.

“Təsadüfi deyil ki, Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış edən insanlardır. Ötən dövrün təcrübəsi göstərir ki, sifarişçilər xüsusi dönəmlərdə, o cümlədən seçkilər ərəfəsində daha da fəallaşır. Hazırda da Avroparlamentə seçkilərə hazırlıq gedir və Avropa Birliyinə üzv olan 27 dövlətin özündə həllini gözləyən çoxsaylı məsələlər fonunda Azərbaycana qarşı çağırışların yenidən vüsət alması bu reallığı bir daha üzə çıxarır”,- deputat qeyd edib.

Milli Məclisin üzvü əlavə edib ki, Avroparlamentin əsaslandığı arqumentlərə gəlincə, Prezident İlham Əliyevin Almaniya biznes nümayəndələrini qəbul edərkən bildirdiyi kimi, “Onlar cənab Makronun insinuasiyalarıdır”: “Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir siyasi-hüquqi öhdəliyi olmadığı halda müxtəlif adlar və bəhanələrlə bizə hücum xristian ittifaqı olan Avroparlamentin xaç yürüşüdür. Reallıqda isə Avropa Parlamenti və Avropa İttifaqının çoxsaylı rəsmiləri üçün faktiki olaraq dəyər anlayışı qalmayıb. Məsələn, Rusiyaya açıq düşmənçilik ritorikası sürdürən Avropa Parlamenti və Avropa İttifaqı Rusiya brilyantlarının emalından milyardlar qazanmaqda davam edən Karapetyanı heç bir sanksiyaya məruz qoymur. Səbəb çox sadədir, Karapetyan özü qazanmaqla bərabər bu korrupsiya yuvasını da yemləyir”.

B.Məhərrəmov vurğulayıb ki, yaxud XXI əsrdə dünyanın müstəmləkəçiliyi rədd etdiyi bir dönəmdə Avroparlament yeganə parlamentar təsisatdır ki, neokolonizmi himayə edir: “Belə ki, təsisat “Avropadan kənarda yerləşən, amma Avropa İttifaqına daxil olan xüsusi ərazilər” adı altında 5-i Fransanın olmaqla, 10 müstəmləkədə mövqelərin qorunması üçün heç bir təcavüzkar tədbirdən çəkinmir. Yaxud Avropanın mərkəzində – Korsikada Fransanın açıq formada törətdiyi etnik cinayətlərə Avroparlament, ümumiyyətlə, sükutla yanaşır. Yəni bu qədər mənəvi-siyasi aşınmaya məruz qalan, satılmış bir təşkilatın beynəlxalq hüququn aliliyini təkbaşına təmin etmiş Azərbaycanla bağlı nə siyasi, nə hüquqi, nə də mənəvi olaraq söz haqqı yoxdur, ola da bilməz”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir