Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması xüsusən erməni ekspert çevrələrində mütəmadi müzakirə edilir.
Bir neçə gün əvvəl isə Antalya Diplomatik Forumunda aparılan müzakirələr zamanı Ermənistan tərəfi Türkiyə ilə münasibətlərin ilkin şərt olmadan tezliklə həllinə hədsiz dərəcədə maraq göstərdiyini açıq şəkildə bəyan edib.
Ərzincan Binali Yıldırım Universitetinin professoru, “Yeni Şafak” qəzetinin köşə yazarı Aynur Noğayeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, mehriban qonşuluq münasibətləri hər bir dövlət üçün firavanlıq və sabitliyin açarıdır.
“Xatırladım ki, hələ 2021-ci ilin dekabrında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması və çarter reyslərinin bərpası üçün yaxın vaxtlarda xüsusi nümayəndələr təyin edəcəyini açıqlamışdı. Daha sonra 2022-ci ilin əvvəlində tərəflər normallaşma prosesinə başladılar. Moskvada, sonra Vyanada görüşlər oldu və nəticədə bir neçə qərar qəbul edildi. Məsələn, İstanbuldan İrəvana çarter reysləri bərpa edilib və 2023-cü il yanvarın 1-dən Ermənistanla Türkiyə arasında birbaşa yük hava nəqliyyatına icazə verilib”, – deyə A.Noğayeva qeyd edib.
A.Noğayeva Antalya Diplomatik Forumunda baş tutan danışıqlara toxunub.
O xatırladıb ki, forumda çıxış edən Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan Türkiyə-Ermənistan münasibətlərinin “indi və dərhal” normallaşmanın elan edilməsinə çağırış edib.
“Bəs İrəvanda başa düşürlərmi ki, Azərbaycanın maraqları və fikirləri nəzərə alınmadan Ermənistan-Türkiyə nizamlanması mümkün olmayacaq”, – sualına cavab verən Aynur Noğayeva vurğulayıb ki, İrəvanda bunu başa düşməmiş deyillər:
“Çünki Ankara daim vurğulayır ki, rəsmi Bakının fikrini nəzərə alır. Bu, mövcud reallıqlar və gələcək layihələr baxımından təbiidir”.
Aygün Noğayeva Türkiyə-Ermənistan münasibətlərinin həllində Zəngəzur Dəhlizi layihəsinin həyata keçməsinin vacibliyinə toxunub.
“Türkiyə rəsmiləri Zəngəzur Dəhlizi layihəsinin 2029-cu ilə qədər tamamlana biləcəyinə inanırlar. Marşrutun Azərbaycan hissəsi demək olar ki, tamamlanıb, bu il Türkiyədə aktiv işlərə başlanılıb. Amma Ermənistanda proses başlamasa da, medianın qeyd etdiyi kimi, tərəflər hadisələrin müsbət inkişafına ümid edirlər. Amma Ermənistanda proses başlamasa da, medianın qeyd etdiyi kimi, tərəflər hadisələrin müsbət inkişafına ümid edirlər. Dəhlizin Ermənistan hissəsi 43 kilometr olacaq. Bunun sayəsində Türkiyə türk dünyası ölkələrinə birbaşa çıxış əldə edəcək. Bildiyiniz kimi, İrandan keçmə variantı var, lakin Ermənistandan keçən marşrut daha cəlbedicidir. Yeri gəlmişkən, bu, ilk növbədə Ermənistanın özü üçün iqtisadi cəhətdən cəlbedicidir. İndiki çətin geosiyasi vəziyyətdə Ermənistan hakimiyyəti öz xalqının maraqlarını rəhbər tutmalı və qonşuları ilə dost olmalı, təhlükəli oyunlar oynamamalıdır”, – deyə Aynur Noğayeva fikirlərini tamamlayıb.
Nair Əliyev
www.102info.az