Litva gömrükçüləri ilk dəfə olaraq ölkə ərazisində Rusiya dövlət nömrə nişanlı avtomobili müsadirə ediblər.
Bu barədə Litva Kriminal Gömrük Xidmətinin sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, Moldova vətəndaşı Rusiya dövlət nömrə nişanlı “Audi Q7” avtomobili ilə “Medininkay” keçid məntəqəsinə gəlib və buradan Belarusa keçmək istəyib.
O, avtomobildə tək olub. Lakin sürücünün təqdim etdiyi sənədlər yoxlanıldığı zaman məlum olub ki, avtomobilin sahibi tamam başqa şəxs – Rusiya vətəndaşıdır.
Sürücüyə izah edilib ki, martın 11-dən Litvada Rusiya qeydiyyatında olan avtomobilləri olan şəxslər cərimə olunurlar və avtomobilləri müsadirə edilir.
Moldova vətəndaşı Aİ-nin tətbiq etdiyi məhdudiyyətlər barədə məlumatı olmadığını bildirsə də, ona qarşı inzibati xəta haqqında protokol tərtib edilib, 41 min 690 avro dəyərində olan avtomobili isə saxlanılıb.
Avtomobilin müsadirə olunaraq Ukraynaya veriləcəyi ehtimal edilir.
Mənbə: “Sputnik” Litva
www.102info.az