Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub.
Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq “Həyat: Tarix boyu hekayəm” adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın “Corriere della Sera” qəzeti paylaşıb.
“Bəziləri siyasətlə və kampaniya ilə həddindən artıq maraqlanırdılar. Demək olar ki, yeni Konklav (Papa Seçkisi) haqqında düşünürdülər. Sakit olun, bu, insani vəziyyətdir. Təəccüblənməyə ehtiyac yoxdur. Çətin anlara baxmayaraq, heç vaxt istefa vermək fikrində olmamışam”, – deyə o bildirib.
Roma Papası vəzifəsindən imtina üçün heç bir şərt görmədiyini vurğulayıb.
“Ciddi fiziki əngəl yaranarsa, işlər dəyişəcək. Belə olan halda, Papalığımın əvvəlində Dövlət Katibliyinə (baş nazirlik) təqdim etdiyim istefa ərizəm artıq hazırdır. Amma bu fikirdir, çünki təslim olmağı düşündürəcək ciddi səbəblərim yoxdur. Mən xəstəxanaya yerləşdirildikdən sonra bəziləri belə bir açıqlama verəcəyimə yəqin ki, ümid edirdilər, amma elə bir risk yoxdur. Səhhətim yaxşıdır, həyata keçirməli olduğum çoxlu layihələrim var”, – deyə o bildirib.
Qeyd edək ki, keçən il müxtəlif sağlamlıq problemlərinə görə tez-tez xəstəxanaya müraciət etmək məcburiyyətində qalan 87 yaşlı Papa Fransisk son illərdə dizindəki problem səbəbi ilə xidmətlərə qatılarkən əlil arabası və əsadan istifadə edir, son bir neçə həftədə isə o, bronxit və soyuqdəymə xəstəlikləri səbəbiylə çıxışlarını köməkçilərinə etdirir.
www.102info.az