Alyona Avqust: “Çox güman ki, Rusiya hökuməti yenidən toplanacaq” – MÜSAHİBƏ

Dünya

Rusiyada keçirilən prezident seçkisində Rusiyanın hazırkı Prezidenti Vladimir Putin 87,28 faiz səs toplayaraq inamlı qələbə qazanıb. Rusiya Kommunist Partiyasından Nikolay Xaritonov ikinci, Vladislav Davankov (Yeni İnsanlar Partiyası) üçüncü, Leonid Slutski (Rusiya Liberal Demokrat Partiyası) dördüncü yerdə qərarlaşıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlətlərin rəhbərləri artıq Vladimir Putini təbrik ediblər. Lakin Qərbdə seçkilər tənqid olunub.

Tanınmış rusiyalı siyasi məsləhətçi, Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (RASO) siyasi texnologiya komitəsinin üzvü Alyona Avqust Oxu.Az-a müsahibəsində qeyd edib ki, Qərbdə Rusiyada keçirilən prezident seçkisi hələ ilk səsvermənin nəticələri məlum olmamışdan əvvəl də tənqid edilib:

– Bu onu deməyə əsas verir ki, Qərb seçkinin nəticələrinə əvvəlcədən etiraz etməyə hazır idi. Eyni zamanda, Vladimir Putinin yüksək reytinqlə birinci yeri tutacağını hamı çox gözəl anlayırdı. Bunu sosioloji müşahidələr, vətəndaşların sosial şəbəkələrdəki paylaşımlarının ümumi tonu və Rusiyadakı ümumi vəziyyət öncədən göstərirdi.

Biz bilirik ki, bizim seçkidə şəffaflığın olmaması ilə bağlı hesabatlar seçki günündən xeyli əvvəl hazırlanıb. Ancaq Rusiyada əvvəllər qeydə alınmış bütün göstəriciləri aşan görünməmiş bir seçici fəallığını təmin edərək səs verən ölkə vətəndaşlarının rəyi ilə mübahisə etmək çox çətindir.

– Seçici fəallığının yüksək olduğunu qeyd etdiniz. Bu, xarici amillərlə bağlıdır, yoxsa daxili amillərlə (seçki kampaniyası zamanı Prezident Vladimir Putin Rusiyanın daxili problemlərinə çox diqqət yetirirdi)?

– Həm xarici, həm də daxili amillər var. Ölkə müharibə vəziyyətindədir, Rusiyaya qarşı çoxlu sanksiya tətbiq edilib, lakin buna baxmayaraq, yalnız genişlənən bütün milli layihələrin və sosial proqramların işi davam edir. Ailə, gənclər, kadrların suverenliyinin inkişafına yönəlmiş yeni layihələr ortaya çıxır.

Xarici amillərə gəlincə, bizim vətəndaşları qorxutmaq alınmadı. Hər şey tam əksinə baş verdi, bunu yüksək seçici fəallığı sübut etdi.

– Seçkilərdə kimin ikinci olmasının fərqi var? Yeri gəlmişkən, səslərin bölgüsü çox maraqlı olub – Rusiyadan köçənlərin çox olduğu ölkələrdə (Ermənistan, Serbiya və s.) çoxlu səs şərti müxalifətçi Vladislav Davankova verilib.

– Kimin ikinci yeri tutmasının heç bir əhəmiyyəti yoxdur. Üç (uduzan – red.) namizəd arasında alınan səs faizlərində cüzi fərqlər var. Onların hamısı şərti olaraq ikinci yeri tutdular ki, bu da birincidən çox uzaqdır.

Doğrudan da, köçkünlərin namizədin özünə xeyir verəcəyini düşünmədən Davankova həvəslə səs verdiyinə dair sübutlar var. Yeni İnsanlar Partiyası müxalifət deyil. Əgər bu köçkünlər prezidentliyə namizəd Davankovun yazdıqlarını və dediklərini oxuyub dinləsəydilər, Prezident Vladimir Putinin mövqelərini dəstəklədiyinə görə özləri üçün çox maraqlı şeylər kəşf edərdilər.

Müxtəlif səbəblərdən xaricdə olan və seçkidə iştirak etmək istəyən rusiyalıların növbələrinə də diqqət çəkərdim. Bu, görünməmiş vətəndaş fəallığı idi. Bəzi ölkələrdə seçki dairələrinin, sahələrinin sayı azaldılıb və bununla da növbələrlə bağlı problemlər yaranıb.

– Seçkidən sonra nə dəyişə bilər? Yeni hökumət olacaqmı? Xarici siyasət daha da sərtləşəcəkmi?

– Çox güman ki, hökumət yenidən toplanacaq, bu barədə prezident Vladimir Putin danışıb. Xarici siyasət kursuna gəlincə, o, indi öz qaydalarını aydın şəkildə göstərir. Rusiya əsassız tələblərə boyun əyməyə hazır deyil. Müharibə davam edəcək, baxmayaraq ki, Rusiya danışıqlara hazırdır…

– Xarici siyasətdə tendensiyalar dəyişəcəkmi, o cümlədən Cənubi Qafqazda – burada Rusiyanın rəsmi müttəfiqi hesab olunan Ermənistan artıq açıq şəkildə Qərbə doğru gedir və ölkənin baş naziri Nikol Paşinyan Vladimir Putini təbrik etməkdə xeyli gecikib?

– Seçkinin hansısa ölkə tərəfindən tanınması və ya tanınmamasına əsəbiləşmək üçün Rusiya çox böyük ölkədir. Bəzi dövlət başçılarının heç də həmişə adekvat davranmaması bizdə sakit qarşılanır.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir