Ötən həftə İranda açıq-aşkar Azərbaycanda separatizmi qızışdırmaq və dəstəkləmək anlamına gələn tədbirlərin keçirilməsi iki ölkənin münasibətlərinin heç də iddia olunduğu kimi, normallaşmağa doğru getmədiyini göstərdi.
Söhbət özünü çoxdan tarixin arxivinə göndərilmiş qondarma “Talış-Muğan Muxtar Respublikası”nın mühacirətdəki hökumətinin “prezidenti”, “general” Əlikram Hümbətovun “varisi” kimi təqdim edən Boris Talışinski adlı şəxsin İrana səfərindən, anti-Azərbaycan ruhlu iki tədbirdə iştirak və çıxış etməsindən gedir. Bununla bağlı Azərbaycan mediasında bir sıra məlumatlar və təhlillər dərc olunsa da, diqqətdən kənarda qalmış müəyyən məqamların qeyd edilməsində fayda var.
Belə ki, martın 10-da Rəşt şəhərindəki Azad İslam Universitetində keçirilmiş “Talış İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans, yayılan məlumatlara görə, İran ali rəhbərinin sözügedən universitetdəki nümayəndəliyinin salonunda baş tutub. Bu da onun keçirilməsinə ən yüksək səviyyədə xeyir-dua verildiyini göstərir. Digər tərəfdən, konfransın öncədən yayılmış proqramında məruzəçi qismində üç nəfərin – Əhməd Kazımi, Əbülfəzl Behişti və Məhərrəm Rezayətinin adı qeyd olunub, amma konfransda onlarla yanaşı, daha iki nəfər də çıxış edib.
Bunlardan biri həmən Boris Talışinskidir ki, görünür, təşkilatçılar onun İrana gələcəyinə tam əmin olmadıqlarından, yaxud sürpriz etmək məqsədilə adını proqrama daxil etməyiblər. Konfrans iştirakçılarına “Şimali Talışıstanın prezidenti” kimi təqdim olunan Boris Talışinski İranı talışların tarixi vətəni adlandıraraq deyib:
“Özümü dənizə qovuşmuş çay kimi hiss edirəm. Təkcə İranda və Azərbaycanda deyil, Rusiyada, Avropada, dünyanın digər ölkələrində yaşasaq da, vətənimizin bura, yəni İran olduğunu düşünürük”. Çıxışının əsas hissəsini o, Azərbaycanda guya talış fəallarının məruz qaldığı “repressiyalara” həsr edib.
www.102info.az