Meksikanın geniş oxucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssisələrindən olan UNAM (“Universidad Nacional Autonoma de Mexico”) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə Qərbin Cənubi Qafqazı qarşıdurma və toqquşmalar üçün yeni platformaya çevirmək niyyətinə dair “Dananlara və gətirdikləri hədiyyələrə etibar etməyin” (“Teman a los dánaos y a los regalos que traen”) başlıqlı, təhlil xarakterli məqalə dərc olunub.
Oxu.Az xəbər verir ki, Brüsseldə keçirilmiş 5 aprel görüşünə istinad edən müəllif sülhə istiqamətlənən regionda Qərbin son addımlarından xəbərdar olanlar üçün Ermənistana artan marağın təəccüblü olmadığını bildirib.
Qərbin və Avropanın Ermənistanla iqtisadi əməkdaşlıq adı altında pərdələnmiş görüşünün əsl məramını təhlil edən müəllif toplantının əslində regionu parçalamağa yönəlik addım olmasına eyham vurub.
O, Avropa tərəfindən Ermənistanı silahlandırmaq və ölkəni Rusiyadan uzaqlaşdırmaqla Cənubi Qafqazı idarə etmək məqsədilə mütəmadi əsasda səsləndirilən, mövcud olmayan, “təşviş yaradan” ssenarilər, habelə Fransa Prezidenti və həmin ölkənin Ermənistandakı səfiri tərəfindən səsləndirilən bəyanatlar fonunda Qərbin səmimiyyətinin şübhə doğurduğunu bildirib.
Qərbin bu kimi mövqeyinin təhlükəli olmasının İtaliya kimi bir sıra Avropa dövlətləri tərəfindən qəbul edildiyini bildirən müəllif bəzi ölkələrin Azərbaycanı Aİ-nin tərəfdaşı kimi qəbul edildiyi, xüsusən enerji sektorunda mühüm rolunun tanındığını diqqətə çatdırıb.
Məqalədə Ermənistanın Qərblə yaxınlaşmasının mənfi nəticələrindən söz açan müəllif Rusiya və İranın sərgilədiyi mövqelərə toxunub. O, Ermənistan hökumətinin vəziyyətdən istifadə edərək özünü Rusiya və İrana qarşı Qərbin dayağı kimi göstərməyə çalışdığını qeyd edib. Bu xüsusda Qərb tərəfindən Ermənistanın tarixi və ən mühüm müttəfiqi Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin öz növbəsində bir sıra Qərb ölkələri ilə Rusiya arasında yeni gərginliklərə yol açdığını bildirən müəllif Rusiya mənbələrinə istinadən Ermənistanda yerləşdirilmiş məlum Aİ missiyasının faktiki olaraq NATO missiyası olduğunu diqqətə çatdırıb. İrana gəldikdə isə, Ermənistanın Qərblə yaxınlaşmamaqla bağlı xəbərdarlıq edildiyi xatırladılıb.
Sonda Qərbin son gedişi və cəhdlərinin Avropa ilə Rusiya arasında daha bir qarşıdurmaya səhnə kimi Cənubi Qafqaz regionunun parçalanması istiqamətində çox təhlükəli tendensiyaya dəlalət etdiyini bildirən müəllif bunun Ermənistanın gələcəkdə suverenliyinin zəifləşməsi ilə ölkənin “suriyalaşması” demək olduğunu diqqətə çatdırıb.
www.102info.az