Ermənistan Qərbdəki havadarlarının dəstəyi və birbaşa iştirakı ilə Azərbaycana qarşı növbəti çirkin, qərəzli kampaniyaya start verib. Bunun tərkib hissəsi kimi Beynəlxalq Ədalət Məhkəməsinə erməni hüquqşünaslar tərəfindən qondarma, başdan-ayağa Azərbaycanofob, saxta məlumatları əks etdirən “hesabat” daxil olub.
Erməni mediası yazır ki, Haaqa məhkəməsi qarşısında toplaşan erməni lobbisinin fəalları 2020-ci ildə 44 günlük müharibə və 2023-cü il sentyabrın 19-da həyata keçirilən birgünlük antiterror əməliyyatlarına etiraz şüarları səsləndiriblər. Onlar iddia ediblər ki, Qarabağın erməni sakinlərinə qarşı “zorakılıq”, “qətllər” həyata keçirilib. Aksiya iştirakçıları hələ də Azərbaycana qarşı sanksiyaların qəbul edilməməsindən narazılıqlarını bildirib, hətta döyüşlərdə məhv edilən separatçıların, terrorçuların fotolarını qaldırıblar. Aksiyada Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb və iddia edilib ki, 1915-ci il hadisələrinin təkrarlanması ssenarisinə yol verilməməlidir.
Maraqlıdır ki, “100 səhifəlik böhtan”a Kaliforniyadan olan erməni mənşəli hakim Kasi Abqaryan da dəstək verib.
Haaqa ilə yanaşı, ABŞ-də analoji ruhda dinləmələr baş tutub. Erməni lobbisinin təşəbbüsü ilə Senatın hər iki palatasından olan 20-yə yaxın ermənipərəst qanunverici Kapitolidə ləğv edilən “Artsax” və qondarma erməni soyqırımının növbəti ildönümü ərəfəsində tədbir keçirib. Əsas məruzəçi də Fransa Senatının erməni mənşəli deputatı Astrid Panosyan-Buve olub. O bəyan edib ki, Fransa Ermənistanı tək buraxmayıb. Ardınca da ABŞ-ni Fransadan nümunə götürməməkdə, analoji addım atmamaqda ittiham edib. Amerikalı həmkarlarına xitabən “nədən Parisdən nümunə götürmürsünüz” deyib. Tədbirdə isə Azərbaycan və Türkiyəyə qarşı hədyanlar yağdırmaqla məşhurlaşan şəxslər təmsil olunublar. Məsələn, erməni lobbisindən yemlənən senatorlar – Qeri Piters, Bob Menendes, Adam Şiff, Ed Marki, Cudi Çu, MakKlintok, Dina Tutus, Frenk Pallone və s. şəxslər burada iştirak edib. Sonuncu hətta ölkəsini Ermənistana hərbi yardım göstərməyə çağırış da edib.
Beləliklə, tarixi hərbi cinayətlərlə, etnik təmizləmələrlə dolu olan ölkələr, ermənipərəst dairələr öz ampulalarındadırlar. Heç bir fakt ortaya qoymadan erməni təsiri altında olan dairələr Azərbaycanı hədəfə almaqdadırlar. Əvvəla, Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilən “100 səhifəlik böhtan”da Qarabağda etnik təmizləməni sübuta yetirən bir fakt belə mövcud deyil. Halbuki, 2023-cü il antiterror hadisələrindən sonra BMT-nin Qarabağa gələn müşahidə missiyası da bir fakt belə ortaya qoya bilməmişdi.
İkincisi, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə münasibətdə “etnik təmizləmə” ifadəsini işlətməsi cəfəngiyyatdır. Ermənilərin bölgəni tərk etməyə məcbur edilməsi də kökündən yalandır və bunu faktlarla sübut etmək mümkündür. Məsələn, bu iddianı hətta Ermənistan rəhbərliyi də yaxın buraxmır. Qarabağda etnik təmizləmə olduğunu, ümumiyyətlə keçmiş separatçı qurumu yada belə salmır. Bölgədən köçən ermənilərin təhdid olunmasına və ya buranı tərk etməyə məcbur edilməsinə dair də heç bir real, inandırıcı sübut yoxdur. Əksinə, Azərbaycan hökuməti bir gündən də az sürən lokal antiterror əməliyyatlarından əvvəl də, sonra da onların qalması ilə bağlı çağırışlar etmişdi.
Üçüncüsü, “etnik təmizləmə”dən danışmağa haqqı olmayan bir neçə ölkə varsa, onların ikisi ABŞ və Fransadır. Mövcudluqları qətliamlar, soyqırımılarla bağlı olan bu iki ölkənin törətdiyi zorakılıq və kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Məsələn, Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını yada salaq. Özü bunu unutmağa çalışsa da, əlcəzairlilər kütləvi qəddarlığı əsla unutmayacaq. Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. O zaman onminlərlə əlcəzairli işğalı pisləmək üçün Parisdə nümayişə çıxır. Polisin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Yelisey sarayı hələ də bu faciə ilə bağlı susqunluq nümayiş etdirir.
Dördüncüsü, Ermənistan Qarabağda etnik təmizləmə olduğunu iddia edir, amma özünün törətdiyi Xocalı və digər qətliamlardan danışmır. 100 səhifəlik “hesabat”da bir yerdə belə bundan danışılmır. 1992-1993-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar, əslində, 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. Hər iki halda cinayətkarlar planlı şəkildə həyata keçirdikləri qətliamların məsuliyyətini boyunlarına almayıblar.
Beşincisi, Ermənistan belə Qarabağda hər hansı bir “etnik təmizləmə” və sakinlərin zorla çıxarıldığını bəyan etmədiyi halda, Qərb, o cümlədən amerikalı qanunvericilər müzakirə açmağa çalışır. İrəvan Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etdiyi halda, Qərb israrla bu faktı eşitmək, nəzərə almaq istəmir, qondarma və keçmiş “Artsax” kəlməsindən istifadə edir. Bu da deməyə əsas verir ki, onu bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin yenidən alovlanması maraqlandırır.
Beləliklə, Ermənistan, daha dəqiq ifadə etsək, lobbi Qərbdəki havadarlarının dəstəyi ilə növbəti riyakar kampaniyaya start verib. Əminliklə deyə bilərik ki, əvvəlkilər kimi bu da nəticəsiz başa çatacaq. Sadəcə, ortada qalan yenə Ermənistan olacaq. İrəvan Azərbaycanla sülh sazişinin imzalanmasına çalışmaqdansa, prosesə rəvac verməkdənsə, çirkin və qərəzli kampaniyalar aparmaqla yalnız özünə zərbə vuracaq.
“Report” İnformasiya Agentliyi
www.102info.az