“Avropa İttifaqı və Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində bərpaolunan enerji mənbələrinin inkişafına və enerji səmərəliliyinin artırılmasına diqqət yetirməklə enerji siyasəti üzrə əməkdaşlığı gücləndirməyə davam edəcək və Azərbaycanın Sədrliyi emissiyaların daha da azaldılması üçün səylərin birləşdirilməsində əsas rol oynayacaq”.
Bu barədə “Report”a açıqlamasında Avropa Komissiyasının Mətbuat Xidmətinin rəsmi nümayəndəsi Tim Makfi bildirib.
Onun sözlərinə görə, COP29 bərpaolunan enerji mənbələrinin gücünün üç dəfə artırılması və ikiqat enerji səmərəliliyinin artırılması üzrə ötənilki sessiyada – Dubayda keçirilən COP28-də tərəflərin üzərinə götürdükləri öhdəliklərin icrasının qiymətləndirilməsinin birinci mərhələsi olacaq:
“Bu konfransa ev sahibliyi edən dövlət daxil olmaqla dünya ölkələrində bu istiqamətdə əldə olunan irəliləyişi nümayiş etdirmək və gələcək fəaliyyət üçün təkan yaratmaq vacibdir”.
T.Makfi vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyi emissiyaların azaldılması üzrə fəaliyyətlərin davam etdirilməsi istiqamətində tərəflərin səylərinin birləşməsində əsas rol oynayacaq:
“Bütün tərəflər üçün iqlim dəyişikliyi ilə mübarizədə bir nömrəli prioritet Paris Sazişinə uyğun olaraq istixana qazları emissiyalarının azaldılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) qəbul edilməsidir. Bakıdakı sessiya 2030-cu ildən sonra yeni öhdəliklərin tətbiqi istiqamətində mühüm addım olacaq. COP29 gələcəkdə iqlim sahəsində maliyyələşdirmə ilə bağlı müzakirələr və qərarlar üçün də vacib olacaq”.
Avropa Komissiyasının Mətbuat Xidmətinin nümayəndəsi qeyd edib ki, COP sessiyaları qlobal fəaliyyət vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə işini təşviq etmək üçün mühüm vasitədir:
“Son illərdə iqlim dəyişikliyi ilə mübarizə tədbirləri daha da aktuallaşdıqca və biz bütün dünyada iqlim dəyişikliyinin zərərli təsirlərini hiss etdikcə COP sessiyaları daha çox əhəmiyyət kəsb edir. Paris Sazişi tərəflər arasında əməkdaşlıq və məqsədlər üçün aydın çərçivə yaradıb. Bununla 200-ə yaxın ölkə qlobal temperatur dəyişikliyini 1,5 dərəcə ilə məhdudlaşdırmaq öhdəliyi götürüb. İqlim dəyişikliyinin iqtisadi xərclərinin hansı miqyasda olduğu getdikcə aydınlaşır. Buna görə də iqtisadi nöqteyi-nəzərdən fəlakətlərə sonradan cavab verməyə çalışmaqdansa, indi reaksiya vermək daha məntiqlidir. Bu həftə dərc olunan araşdırmalar göstərir ki, bu istiqamətdə addımların atılmaması bizə qarşıdakı 25 il ərzində qlobal gəlirin 20 faizinə başa gələ bilər və bu, “yaşıl keçid”ə sərmayə qoyuluşunun dəyərindən altı dəfə çoxdur”.
O, həmçinin, xatırladıb ki, Avropa İttifaqı və Azərbaycan artıq bərpaolunan enerji mənbələri məsələlərini əhatə edən Anlaşma Memorandumu imzalayıb:
“Azərbaycanın xüsusilə dəniz külək enerjisi və yaşıl hidrogen sahəsində böyük potensialı var. Əminik ki, Azərbaycan yaxın gələcəkdə Avropaya qalıq yanacaq tədarükçüsündən bərpa olunan enerji sahəsində çox etibarlı və əhəmiyyətli tərəfdaşa çevriləcək. Avropa Komissiyası Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası (“WindEurope”) arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanmasında iştirak edib. Mart ayında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropanın bərpa olunan enerji şirkətlərinə Azərbaycanın böyük külək enerjisi potensialından istifadə etmək üçün yol açacaq sazişin imzalanması mərasimində iştirak edib”.
Onun sözlərinə görə, Azərbaycan və Aİ arasında təbii qaz sahəsində əməkdaşlıq həm də ölkələrin iqlim öhdəliklərinə uyğun olmalıdır:
“Buraya, məsələn, metan emissiyaları daxildir. Yəni biz təbii qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmaq üçün birgə öhdəliklər götürmüşük”.
www.102info.az