2022-ci ildə Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə təqsirləndirilən şəxsə yeddi ömürlük həbs cəzası verilib.
Bu barədə məhkəmənin qərarından aydın olub.
Bildirilir ki, Əhlam əl-Bəşir İstiqlal küçəsində törədilən terror hadisəsində dövlətin birliyini və bütövlüyünü pozmaq, həmçinin altı nəfəri qəsdən öldürmə ittihamı ilə yeddi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Əl-Bəşir digər cinayətlərə görə də 1794 ilə qədər azadlıqdan məhrum edilib.
Terrorçu iclasda son söz zamanı özünü müdafiə etməyəcəyini bildirib:
“Verəcəyiniz hər bir hökmü qəbul edirəm”, – deyə o bildirib
Xatırladaq ki, 2022-ci il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən terror nəticəsində biri uşaq olmaqla altı nəfər ölüb, 99 nəfər yaralanıb. Kustar yolla hazırlanmış bomba olan çantanı tərk edən Suriya əsilli Əhlam əl-Bəşir 2022-ci il noyabrın 14-də ələ keçib. Müstəntiqlərin fikrincə, hücumda Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələri iştirak ediblər.
Mənbə: Hurriyet
www.102info.az