Ötən gün İrəvanda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına qarşı çıxan “Vətən uğrunda Tavuş” hərəkatı tərəfdarlarının etiraz aksiyaları davam edib.
Ermənistan polisi bir sıra həbslər həyata keçirib. Etirazlar geniş vüsət almasa da, siyasi ehtiraslar yüksəkdir.
Artıq Erməni Apostol Kilsəsinin iki yüksəkrütbəli nümayəndəsi keçid hökumətinə rəhbərlik etmək arzusunu bəyan edib. Onlardan biri “Vətən naminə Tavuş” hərəkatına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyandır. O, baş nazirliyə namizəd göstəriləcəyi təqdirdə Kanada vətəndaşlığından imtina etməyə hazır olduğunu açıqlayıb.
Ermənistanı idarə etmək arzusunda olan ikinci keşiş isə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyandır. Eyni zamanda, sorğuda iştirak edən Ermənistan vətəndaşlarının yarıdan çoxu keçid hökumətinin başçısı vəzifəsinə təklif olunan bütün şəxslərin namizədliklərini rədd ediblər.
Bunu “Gallup” Beynəlxalq Assosiasiyasının (MPG/Gallup International Association) apardığı sorğunun nəticələri də təsdiq edir.
İctimai xadim, “Qarabağ erməniləri” hərəkatının rəhbəri Artur Ağacanov Oxu.Az-a müsahibəsində Ermənistandakı mövcud vəziyyəti şərh edib:
– Doğrudan da, bir neçə gündür, Ermənistanda əvvəli ölkənin Tavuş rayonundan yürüşlə başlayan etiraz aksiyaları keçirilir. Hərəkata arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Təbii ki, din xadimlərinin siyasi proseslərə müdaxiləsi nonsensdir. Amma Qarabağ klanının – Serj Sarqsyanın, Robert Koçaryanın – başqa çıxış yolu yox idi, çünki digər imkanlar tükənmişdi. Onlar Nikol Paşinyanı mütəmadi olaraq vəzifədən kənarlaşdırmağa cəhd etdilər, lakin uğursuzluqla üzləşdilər – nümayişlər azsaylı oldu və Paşinyan (İkinci Qarabağ müharibəsindən sonra – red.) növbədənkənar seçki keçirərək yenidən baş nazir oldu. Ola bilsin ki, indiki aksiyalara erməni diasporları da qoşulublar. Nə olursa-olsun, yenə deyirəm, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən müxalifətin, sadəcə olaraq, başqa yolu yox idi. Son şans, çox kiçik də olsa, ruhaniləri prosesə cəlb etməkdir.
Baqrat Qalstanyan isə mənə keşiş Georgi Apollonoviç Qaponu xatırladır (1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar “Qanlı bazar” hadisəsi ilə nəticələnən fəhlələrin Qış sarayına yürüşünü təşkil edən keşiş – red). Ruhanilərin baş nazir olmaq istəyinə gəlincə, bu, sadəcə, oyundur. Baqrat Qalstanyan necə hökumət başçısı olacaq? O, misal üçün, iqtisadi sahədə hansı addımların atılmalı olduğunu dərk edirmi? Düşünürəm ki, o, müxalifətin ona təyin etdiyi liderlik rolunu yerinə yetirir.
– Necə düşünürsünüz, Ermənistanda etiraz dalğası kulminasiya nöqtəsinə çatıbmı? Mən ehtirasların nə qədər qızışdığını yox, etirazlara gələnlərin sayını nəzərdə tuturam.
– Ola bilsin ki, aksiyalarda etirazçıların sayı müəyyən qədər artsın və ya azalsın. Çox şey müxalifətin kənardan ala biləcəyi dəstəkdən asılı olacaq. Amma 20 min və ya 30 min – Ermənistanın hamısı deyil.
Nikol Paşinyan və komandası insanların arasına çıxmalı, ölkə əhalisi ilə daha fəal ünsiyyət qurmalı, təşəbbüsü ələ keçirməlidir. Son zamanlar Paşinyan kifayət qədər gec də olsa, xalqla birbaşa ünsiyyət qurmağa başladı. Yeri gəlmişkən, onun parlamentdə çoxluğu təşkil edən komandası da fəallaşıb.
– Ruhanilərin başçılıq etdiyi, Robert Koçaryan və Serj Sarqsyanın siyasi qüvvələrinin koordinasiya etdiyi bu narazılar qrupunun heç bir fəaliyyət planı yoxdur. Onlar delimitasiya və demarkasiyaya – faktiki olaraq sülhə qarşıdırlar, amma alternativi nədə gördüklərini demirlər. Bəs bu insanlar fəaliyyətlərinə başladıqları zaman nəyə ümid edirdilər?
– İrəvana yürüş düşünülmüş qərar idi. Amma onların, həqiqətən də, bir planı, hər hansı bir proqramı yox idi. Hesablamaya bu dalğada Paşinyanı siyasi səhnədən kənarlaşdırmaq və hakimiyyətə gəlmək daxil idi. Amma hətta qalib gələcəkləri təqdirdə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı eyni məsələləri həll etməyə, Tavuşda və Ermənistanın digər bölgələrində sərhəd dirəklərinin quraşdırmağa məcbur olacaqlar. Təbii ki, Zəngəzurdan keçən yolun açılması məsələsini həll etmək lazım gələcək. Bu, aydındır.
– Yeri gəlmişkən, erməni siyasi xadim, diplomat Vaaqn Melikyan “Vətən uğrunda Tavuş” hərəkatının mitinqində gözlənilmədən elan etdi ki, Alma-Ata Bəyannaməsində sərhədlərin təsviri yoxdur, həmin sənədə heç bir xəritə əlavə olunmayıb. Görünür, o demək istəyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə məşğul olmağa ehtiyac yoxdur. Ancaq əgər belədirsə və onun fikrincə, heç bir sərhəd yoxdursa, o zaman onu istədiyin kimi çəkmək olar. Bəs bundan kimə daha pis olacaq?
– Təbii ki, bu, ilk növbədə erməni xalqının maraqlarına, onun xalqına zərbə vuracaq. Məhz Melikyan kimi şəxslər nəticələri düşünmədən kürsüyə çıxıb açıqlamalar verirlər. Əgər sərhədlər olmayacaqsa, hər kəs istədiyi qərarı verəcək. Bu insanların nə proqramı, nə də düşüncə tərzi var. Bütün bunlar, bir daha deyirəm, erməni xalqına ziyan vurur.
Nair Əliyev
www.102info.az