Moldovanın Rusiya QORXUSU: Yeni münaqişə ocağı yaranır, Rumıniya ilə birləşmə gündəmdədir – TƏHLİL

Dünya

Rusiya mediası, siyasətçilər Moldovadakı durumu süni surətdə şişirdirlər. İddia edirlər ki, bu ölkədə rusların hüquqları pozulur. Hətta Kremlin Rusiyanın Moldovanın işğalı ilə bağlı dəqiq plan hazırladığı barədə xəbər də gündəm olub. Prosesin gedişi Moldovanı radikal addımlar atmağa, yəni Rumıniya ilə birləşməyə məcbur edə bilər? 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Ukrayna ilə Rusiya arasında yaşanan müharibə qonşu dövlətlərin əksəriyyətində təşviş və həyəcan doğurub. Bəziləri qorxu, bəziləri həyəcanla növbəti qurbana çevrilə biləcəyini gözləyir. Siyahıya Estoniya, Finlandiya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir. Artıq bu qorxu bir çoxlarını çıxış yolları axtarıb tapmağa vadar edir. Bəziləri çıxış yolunu Rusiyaya loyal qalmaqda, bəziləri isə NATO-ya üzvlükdə görür. Məsələn, Rusiyanın Ukraynaya hücumu Finlandiya və İsveçi bu gün ciddi şəkildə NATO-ya qoşulmağa vadar edib. İndiyə qədər neytral olan iki ölkə hərbi alyansa qoşulmağı gündəmə gətiriblər. Rusiya bu ölkələrə NATO-ya qoşulmamaqla bağlı xəbərdarlıq edib və onları texniki hərbi cavabla hədələyib. NATO baş katibi Jens Stoltenberq isə hər iki ölkəyə də qucaq açacaqlarını söyləyib. Maraqlı olan Moldovanın mövqeyidir. Kişinyov başqa bir yola üstünlük verir.

Qərb mediası yazır ki, son günlər Dnestryanı bölgədə gərginlik Moskvanın Ukrayna ilə sərhəddə – Moldovada yeni gərginlik ocağı yaratmaq planından xəbər verir. Dnestryanı bölgədə baş verən son partlayışlarda qondarma qurum Ukraynanı, Moldova isə separatçı bölgədəki klanları günahlandırır. Bəs əslində, nə baş verir? Doğrudanmı, yeni münaqişə ocağı yarana bilər? Görünən odur ki, artıq separatçı bölgənin əhalisi bölgəni tərk edərək Moldova və qonşu Ukrayna ərazisinə köçməyə başlayıb. Müharibə başlayandan bəri media və ekspert dairələrində növbəti hədəfin Moldova olacağı barədə xəbərlər müzakirəyə çıxarılır. Hətta Rusiyanın Moldovanın işğalı ilə bağlı dəqiq plan hazırladığı barədə xəbər də gündəm olub. Qeyd olunur ki, rus qoşunlarının ehtimal olunan uğurları cənub-qərb istiqamətində “ikinci cəbhə”nin yaranmasına gətirib çıxara bilər. 

Belə bir vəziyyətdə Moldovanın Rumıniya ilə birləşməsi gündəmə gətirilib. Rumıniya Xarici İşlər Nazirliyi separatçı Dnestryanıdakı vəziyyətlə bağlı Moldova prezidenti Mayya Sandunun mövqeyini dəstəklədiyini bəyan edib. Bu mövqe isə bölgənin Moldova torpağı olmasından ibarətdir. Ardınca da Moldovanın sağçı partiyaları ölkənin Rumıniya ilə birləşməsi tələbini yenidən gündəmə gətiriblər. Rumınların Birləşməsi Alyansının (AUR) lideri, Rumıniya parlamentinin üzvü, Moldovada yaşayan Rumıniya vətəndaşlarının da səs verdiyi George Simion təhlükəsizlik problemini birləşərək həll etməyi təklif edir. “Tiraspolda Dövlət Təhlükəsizliyi Nazirliyi adlandırılan binaya hücum, ardınca Mayakdakı radio mərkəzinin bəzi texniki vasitələrinin dağıdılması Ukraynadakı münaqişənin əyalət ərazisinə yayılmasına yönəlib”, – Simion bildirib. Onun fikrincə, ikinci rumın dövlətinin Rumıniya ilə sülh yolu ilə birləşməsi yeganə həll yoludur.

Prezident Mayya Sandu isə bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi yalnız bu ideyanın əhali tərəfindən dəstəklənməsi sayəsində mümkün ola bilər. Sabiq baş naziri Yuri Lyanke də Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib.

Moldovalı analitiklər isə ölkənin dərhal Ukraynanın tərəfinə keçməli olduğunu bildirilər. “Dəyişikliklər” Partiyasının lideri Stefan Qliqor TV8 telekanalında bildirib ki, nə Kişinyov, nə Kiyev, hətta Tiraspol vəziyyətin gərginləşməsini istəmir və Dnestryanı bölgədəki partlayışların təşkilatçısı ola bilməz. Gərginlikdən faydalanan tərəf Rusiyadır. Baş nazirin reinteqrasiya üzrə keçmiş müavini Aleksandru Flençia qeyd edib ki, Kişinyov münaqişədə birbaşa və ya dolayısı ilə iştirak edən əsas oyunçularla çox az ünsiyyət qurur, lakin hadisələrin inkişafını passiv şəkildə izləyir: “Bu hadisələrin məqsədi Dnestryanı region deyil, Moldova Respublikasıdır”.  

Rusiya mediası isə Ukraynada müharibənin başlamasından sonra Moldovada rusdilli vətəndaşlara təzyiq edilməsi iddiasını qaldırmağa başlayıb. Rusiyanın Kişinyovdakı səfirliyi Moldovada dil, din, milli, mədəni və digər zəminlərdə ayrı-seçkilik hallarının tez-tez baş verdiyini açıqlayıb, ruslara müraciət edib ki, həyat və sağlamlıqları üçün təhlükə yaranacağı halda məlumat versinlər. Ardınca bölgədəki rus qoşunlarının generalı Rüstəm Minnekayev açıq şəkildə bildirib ki, Rusiya ordusunun Dnestryanıya doğru irəliləməsi vacibdir. O da iddia edib ki, orada rusdilli əhali sıxışdırılır. General bu “sıxışdırılma”nın nədən ibarət olduğu barədə heç nə deməyib. Moldova öz növbəsində Rusiyadan cəmiyyətdə gərginlik yaradan bəyanatlar səsləndirməməyi tələb edib, həmin iddiaları əsassız adlandırıb. 

Bir faktı da qeyd edək ki, Dnestryanının Ukrayna ilə həmsərhəd olan Kolbasna kəndində Şərqi Avropanın ən böyük silah-sursat anbarı yerləşir. Bu anbar 1940-cı illərdə yaradılıb, silahların əksəriyyəti sovet qoşunları ADR, Çexoslovakiya və keçmiş sosialist düşərgəsinin digər ölkələrindən çıxandan sonra ora yığılıb. Belə bir versiya getdikcə daha çox səslənir ki, silah qıtlığından əziyyət çəkən Ukrayna həmin anbarı ələ keçirməkdə son dərəcə maraqlıdır. Qərb hərbi ekspertləri bu versiyanı ciddi qəbul etmir, çünki hazırkı müharibədə Ukrayna tank əleyhinə sistemlərin və zenit sistemlərinin ən yeni variantlarına ehtiyac duyur, sovetdən qalma silah-sursat anbarında isə bunlar heç bir halda ola bilməz. Görünən odur ki, proseslərin gedişi Moldovanı radikal addımlar atmağa, yəni Rumıniya ilə birləşməyə məcbur edə bilər. Bunun üçün zəmin və hüquqi baza da var. Ən əsası parlament və hökumət qərbpərəst qüvvələrdən ibarətdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir