Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunları üzrə çıxışında Yunanıstanın baş naziri barəsində deyib.
“Yunanıstanın hazırda bizə münasibəti necədir? FETÖ-nün Avropa yolu Yunanıstan deyilmi? Terror təşkilatlarını qidalandıranlar onlar deyilmi? Hazırda onların ərazisində ona yaxın hərbi baza var. Bu bazalar niyə burada yaradılır? Hazırda elə bir ölkə var ki, Aİ ölkələrinə 400 milyard avro borcu olsun? Danışdıq, dedik ki, üçüncü ölkələri aramıza salmayaq, amma ABŞ-a səfərində senatda Türkiyə əleyhinə çıxışlar etdi, F-16-ları verməməyi tövsiyə etdi.
Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur. Biz sözünün üstündə duran şərəfli siyasətçilərlə işləyirik. Qoy Mitsotakis özü haqqında düşünsün. Hesab edirəm ki, ABŞ F-16-larla bağlı Mitsotakisin ağzına baxıb qərar verməyəcək” – deyə Türkiyə prezidenti bəyan edib.
O, avropalı siyasətçiləri ikiüzlülükdə günahlandırıb.
“Cənab Andersson, siz mənə nə dediniz? Amma terrorçular əllərini yelləyərək küçələrinizdə dolaşırlar! Almaniyada da eyni. Amma vətəndaşlarımızdan biri bunu edəndə bizə əziyyət verirlər. Bütün bunlara baxmayaraq, bizdən bəziləri sülh, dostluq deyirlər. Belə sülh olmaz. Siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız. Biz işimizi bilirik, lazımi addımları necə atacağımızı bilirik”, – deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan NATO-nun genişlənməsinə Türkiyənin yanaşmasını terrorizmlə mübarizədə prinsipial mövqedən irəli gəldiyini bildirib və terror təşkilatlarının təhlükəsizlik üçün qurulmuş bir platformada olmasını qəbul edə bilməyəcəklərini söyləyib.
Mənbə: “Haber Global”
www.RIA24.az