Polşanın Xoyna şəhərində II Dünya müharibəsində həlak olmuş azərbaycanlı rəssam Məhəmməd (Maqomet) Maqomayevin məzarı ziyarət edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərlinin sözlərinə görə, təşkilatın bir qrup fəalının iştirakı ilə baş tutan ziyarət zamanı həmvətənimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və məzarı önünə əklil qoyulub.
Qeyd edək ki, teatr rəssamı olmuş Məhəmməd Maqomayev Azərbaycan klassik musiqisinin banilərindən biri, görkəmli bəstəkar Əbdül-Müslüm Maqomayevin oğlu, dünya şöhrətli opera-estrada müğənnisi və bəstəkar Müslüm Maqomayevin atasıdır.
Berlinə qədər döyüşlərdə qəhrəmanlıq göstərən kəşfiyyat bölüyünün komandiri, serjant Məhəmməd Müslüm oğlu Maqomayev 24 aprel 1945-ci il tarixində (alman faşizmi üzərində qələbəyə 15 gün qalmış) yaralı yoldaşını xilas edərkən həlak olub. Birinci dəfə Polşada Kşivin-Qrıfinski məzarlığında dəfn edilib, 1952-ci ildə isə onun nəşi II Dünya müharibəsi iştirakçılarının dəfn edildiyi Xoyna qəbiristanlığına köçürülüb.


www.RIA24.az