“Rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin uğursuz olmasını istəmir. Əksinə, o, müəyyən edilmiş qaydada və əldə olunan razılaşmalar əsasında prosesi irəli aparmaq niyyətindədir”.
Bu sözləri mayın 26-da Ermənistan parlamentində keçirilən brifinqlərdə parlamentin dövlət və hüquq məsələləri üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan deyib.
V.Vardanyan bəyan edib ki, proses fəal şəkildə başlayıb, müvafiq aktlar qəbul edilib, komissiyalar yaradılıb və bu komissiyaların üzvləri öz növbəsində nəzərdə tutulan işlərə başlamalıdırlar:
“Müəyyən razılaşmalar əldə olunub. Hətta bu prosesdə mülayim optimizm də görə bilərsiniz”.
Təfərrüatları şərh edən deputat qeyd edib ki, zaman keçdikcə onlar sadələşdiriləcək.
“Ümumiyyətlə, Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası və delimitasiyası kifayət qədər uzun və texniki cəhətdən mürəkkəb prosesdir. Həm siyasi iradə, həm prosesdə iştirak edən insanların peşəkarlığı, həm də beynəlxalq həmkarlarımızın köməyi onun uğurla başa çatmasına müsbət təkan olacaq”, – deyə Ermənistan parlamentinin üzvü fikrini tamamlayıb.
Mənbə: News.am
www.RIA24.az