İran agentlərin israilli mütəxəssisləri tora salmaq ssenariləri – TƏHLİL

Dünya

İranın nüvə reaktorlarının istifadəsini məhdudlaşdırmasına dair altılıq ölkələri ilə apardığı danışıqların səsi kəşfiyyat ictimaiyyətində bir başqa cür çıxır.

Şübhəsiz ki, İsrail İranla hər-hansı razılaşmanı özünə qarşı yönələcək akt kimi qiymətləndirir, Tehran isə əzəli və əbədi düşmən elan etdiyi İsraili cəzalandırmaq, onun kəşfiyyat nüfuzuna zərbə endirmək üçün qüvvələrini səfərbər edir.

İki ölkə arasındakı kəşfiyyat müharibəsi öz coğrafiyasını, bəlkə də, heç zaman bu qədər genişlətməyib, İran israilli biznesmenləri, akademikləri, diplomatları, keçmiş məmurları öldürmək üçün planları icra etmək istəyərkən Təl-Əviv güclü əks-kəşfiyyat həmlələri ilə həmin ssenarilərin üstünü açır.

İran İsrailin kəşfiyyat gücü qarşısına zəif bənd kimi çıxır, nə öldürülən iranlı nüvə alimi Möhsün Fəxrizadənin qisasını lazımınca ala bilir, nə də digər planları düz-əməlli icra edir.

Lakin İranın da kəşfiyyat həmlələrinin spektri heç də məhdud deyil və İsrail İranın həmin gücünü dəyərləndirə bilir, laqeyd yanaşma nümayiş etdirmir.

İranın qisas üçün “A” planı iflasa uğradıqdan sonra Tehran dinc dayanmır və “B” planını işə salır. Nədir bu? Həmin plan şirnikləndirici tədbirlərə dəvətlərdir, belə ki, İran indi İsrailin təhlükəsizlik üzrə ekspertlərini, mütəxəssisləri üçüncü ölkəyə cəlb etmək ssenariləri ilə meydana çıxır.

Planın mexanizmini qısa şəkildə belə təsvir edə bilərik:

– İran kəşfiyyatçıları saxta elektron hesablar yaradırlar;

– Daha sonra hədəfdə olan şəxslərlə əlaqə saxlayır və özlərini real həyatda olan akademiklər, jurnalistlər, iş adamları, xeyriyyəçi kimi təqdim edirlər;

– İnandırıcı “məlumatlar” təqdim edildikdən sonra israilli mütəxəssislər xarici ölkələrə konfranslara dəvət olunurlar;

– Hədəflərinin gəlişini təmin etdikdən sonra ya onları qaçırırlar, ya öldürürlər.

Bu metod İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), onun Qüds Qüvvələrinin, İranın kəşfiyyat və təhlükəsizlik orqanlarının məşhur əməliyyat üsullarından biridir.

İsrailli mütəxəssislər və rəsmilər də çox ayıq-sayıqdır, onların beyni də profilaktik kəşfiyyat tədbirləri ilə zəngindir, ona görə də iranlı agentlərin əlaqə saxladığı bütün israillilər dərhal təhlükəsizlik qüvvələrini xəbərdar ediblər.

İsrailin xüsusi xidmət orqanlarının tonunun sərtliyi və əməliyyatları uğurla həyata keçirməyinin səbəbləri sırasında onun tərəfdaşları ilə effektiv koordinasiya qurması da dayanır.

Mayın 22-də Tehranın mərkəzində SEPAH polkovniki Sayad Xodainin sui-qəsd nəticəsində öldürülməsi də əks-tədbirin göstəricisidir, hərçənd ki, İsrail bununla bağlı rəsmi şəkildə hər-hansı məsuliyyəti öz üzərinə götürməyib.

Hazırkı mənzərədə isə İsrailin İranda “at oynatdığı” hiss edilir. İran da İsrailin içərisindədir, lakin son məqamda da olsa, agentlər ifşa edilirlər.

Məsələn, 2021-ci ilin noyabrında İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) məlumat yaymışdı ki, müdafiə naziri Beni Qantsın evində işləyən süpürgəçi İrana casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

İranla İsrail bir-birilərinin içərilərinə nüfuz etmək üçün səylərini təxirə salmayacaqlar, bu, nüvə danışıqları fonunda daha da sürətlənəcək.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir