Ukraynada müharibə zamanı abortların qadağan edilməsini təklif edən petisiya yaranıb. Petisiya müəllifi Ukrayna prezidentini demoqrafik böhranın qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırıb.
Petisiya mayın 23-də dərc edilib və hazırda qanunvericilik səviyyəsində baxılması üçün lazım olan 25 min səsdən yalnız 202 səs toplayıb.
Qanun layihəsinin müəllifinin sözlərinə görə, “ukraynalı valideynlər ukraynalı uşaqları öldürməklə” işğalçıların hərəkətlərini təkrar edirlər.
“Ukraynada son günlər baş verən hadisələri, müdafiəçilərimizin və mülki şəxslərin həlak olmasını, məcburi köçkünlərin, xaricdəki qaçqınların sayını, Ukraynanın son illərdəki demoqrafik statistikasını nəzərə alaraq, biz Ukrayna prezidentini Ukrayna xalqının yenilənməsi və artması, Ukrayna xalqının parlaq gələcəyi naminə ölkədə abortları qadağan edən qanun layihəsi təqdim etməyə çağırırıq”, – petisiyanın müəllifi Anatoli Nikolayeviç Qolovçak qeyd edib.
Maraqlıdır ki, mayın 23-də daha bir oxşar petisiya qeydə alınıb və müəllif Kurilo İrina Vladimirovna “İncil”dən sitat gətirərək abortların qadağan edilməsini tələb edib.

Mənbə: RBK Ukraina
www.RIA24.az