Amerikalı siyasi şərhçi: “Niyə siz elə düşünürsünüz ki, Rusiyanı heç kim dəstəkləmədi?”

Dünya

“Kollektiv Qərb Rusiyanı qınayır, çünki Ukraynaya qoşun yeridən Rusiya Federasiyası olub, əksi deyil. Rusiyada isə hesab edirlər ki, bu hadisələr Qərbin təhriki ilə baş verib. Amma Qərb Rusiya tərəfindən irəli sürülən “Rusiya Ukrayna (NATO ilə) tərəfindən təhdid olunduğu üçün xüsusi əməliyyat keçirməyə məcbur qaldı” kimi iddiaları qondarma arqumentlər kimi qiymətləndirir”.

Bunu Oxu.Az-a açıqlamasında amerikalı jurnalist, siyasi şərhçi Maykl Bom söyləyib.

M.Bom Rusiya raketlərinin minlərlə kilometr uça bildiyi halda onların harada yerləşməsinin ABŞ üçün fərqi varmı sualına isə belə cavab verib:

“Doğrudur, ABŞ üçün bunun fərqi yoxdur. Qitələrarası raketlərin Moskva yaxınlığında, Sibirdə və ya Kalininqradda yerləşməsindən asılı olmayaraq – bu üç nöqtədən ABŞ-a raketlərin uçuş müddətindəki fərq əhəmiyyətsizdir. Ancaq Rusiyanın Kalininqrad vilayəti ilə qonşu olan dövlətlər üçün böyük fərq var. Məsələn, “İsgəndər” adlı yaxınmənzilli raketlər nüvə başlıqları daşıya bilər. Bu isə ABŞ-ın Şərqi Avropadakı müttəfiqləri üçün birbaşa təhdiddir və onlar qorumaq lazım olacaq”.

Amerikalı siyasi şərhçi Ukraynada müharibəyə başlayan Rusiyanın tək və müttəfiqsiz qalmasını isə belə şərh edib:

“Niyə siz elə düşünürsünüz ki, Rusiyanı heç kim dəstəkləmədi? (gülür) Martın əvvəlində BMT-də Rusiyadan başqa bu ölkənin “xüsusi əməliyyatı”na dəstək verən daha dörd ölkə oldu. Bu, Belarus, həmçinin Suriya, Şimali Koreya və Eritreyadır. Düzdür, qeyd etmək lazımdır ki, bir çox güclü dövlətlər Rusiya Federasiyasına qarşı sanksiyaları dəstəkləmir. Türkiyə, İsrail, Çin, Hindistan, Braziliya və İndoneziya onların sırasındadır. Bu da nəzərə alınmalıdır. Amma eyni zamanda Şimali Amerika, Avropa və Asiyada Rusiyaya qarşı sanksiyalar tətbiq edən xeyli sayda çox nüfuzlu ölkələr var. Onlar əmindirlər ki, Rusiya Federasiyası uydurma bəhanələrlə Ukraynaya qoşun yeridib və onlar da hesab edirlər ki, Moskvanın əsl motivləri və məqsədləri yeni əraziləri Rusiya Federasiyasına birləşdirməkdir”.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir