Azərbaycan-Almaniya dostluq münasibətlərinə həsr olunan musiqi albomu işıq üzü görüb – FOTO

Dünya

Azərbaycan-Almaniya dostluq münasibətlərinin 200 illiyinə həsr edilmiş “Henrix və Leyla” adlı musiqi albomu işıq üzü görüb.

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, Almaniyada yaşayan soydaşımız Xədicə Zeynalovanın başçılıq etdiyi “Bridge of Sound” kamera orkestrinin təşkilatçılığı ilə baş tutan “Henrix və Leyla” musiqi layihəsi üzrə işlər Almaniya və ABŞ-da həyata keçirilib.

“Henrix və Leyla” əsəri Əmir Pəhləvanın eyniadlı romanı əsasında yazılıb. Bu dramatik əsərin əsas mövzusu alman əsilli Henrix və Azərbaycan əsilli Leyla arasında olan böyük sevgi münasibətləridir. Əsərdəki hadisələr Azərbaycanın Şəmkir (keçmiş Annenfeld) şəhərində 1942-ci ildə cərəyan edir. Bəstəkar Xədicə Zeynalova bu roman əsasında 12 simfonik musiqi parçasından ibarət “Henrix və Leyla” əsərini kamera orkestri üçün bəstələyib.

“Henrix və Leyla” Almaniya və Azərbaycan arasında olan dostluğun və mədəni əlaqələrin inkişafına təkan verən bir layihədir. Bu layihə eyni zamanda Almaniya Mədəniyyət Nazirliyinin diqqətini cəlb edərək dəstəyini qazanıb və bu mövzuda 2019-cu ildən bir neçə konsert proqramı təşkil edilib.

Layihənin məqsədi xalqlar arasında dostluğun daha da möhkəmləndirilməsinə nail olmaq, ölkəmizin zəngin musiqi mədəniyyətini Almaniyada yüksək səviyyədə təqdim etməkdir. “Henrix və Leyla” adlı musiqi albomunun məşhur onlayn musiqi platformalarında (Spotify, Amazon, iTunes və s.) yayımlanması nəzərdə tutulur və hazırda bununla əlaqədar olaraq layihə müəllifi tərəfindən işlər davam etdirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir