Beynəlxalq münasibətlərin təməllərinin laxladığı bir zamanda Venesuela Prezidenti Nikolas Maduronun Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməsi siyasi nəzərləri bu məsələyə cəmləyir.
Öncəliklə deyək ki, Türkiyə iqtisadi əsaslar, təhsil sistemi və müdafiə sənayesi üzərindəki elementlərlə özünü qlobal oyunçuya çevirmək yönündə çalışır, Venesuela ilə əməkdaşlıq platforması isə bunun tərkib hissəsidir.
Maduronun Türkiyə səfəri Venesuelanın iqtisadi itkilərini və ölkəsinin siyasi əhəmiyyətini Türkiyə Respublikası hesabına kompensasiya etməyə hədəflənib.
Maduro Türkiyə vasitəsilə Qərblə əməkdaşlığa çıxış əldə etmək istəyir, hərçənd ki, bu, çətindir, çünki iki ölkəni yaxınlaşdıran elə ABŞ-ın siyasətinin yaratdığı nəticələrdir.
ABŞ-ın Venesuelaya qarşı şikəstedici sanksiyaları səbəbindən kommunist ölkəsi etibar etdiyi dövlətlər siyahısına (Rusiya, Çin, Kuba, Hindistan) Türkiyəni də əlavə edir.
Etibarlılığı gücləndirən bağlar sırasında iqtisadi-ticari münasibətlər mühüm rol oynayır, valyutaların qiymətinin oynaması fonunda isə qızılın dəyər qazanması Türkiyə-Venesuela münasibətlərinin qızıl dövrünü yaradır.
Türkiyə valyutasının məzənnəsinin tez-tez oynaması Ankaranı qızıla olan tələbatını artırır, Venesuela isə qızıl idxal olunan ölkələr sırasında özünə mövqe tutub.
İkitərəfli münasibətlərin “qızıl qaydalarla” formalaşması Ankara-Karakas əlaqələrini beynəlxalq təhlükəsizliyə töhfə kontekstinə də kökləyəcək.
Ərdoğan-Maduro görüşü iki dövlət arasındakı əlaqələrin dərin institusional səviyyəyə qaldırılmasında mühüm rol oynayacaqmış kimi görünür.
Bunun üçün ticari əlaqənin həcminin bu il üçün 1 milyard, ortamüddətli dövrdə isə həmin rəqəmin 3 milyard dollara çatdırılması planlaşdırılır.
Yuxarıda təhsil amilini Türkiyənin beynəlxalq sistemdə nüfuzunu gücləndirən amil kimi əbəs yerə qiymətləndirmədik, bu təhsil strategiyasının toxumları Venesuelada da səpilməkdədir.
Ərdoğan Maduro ilə keçirdiyi mətbuat konfransında boy atmaqda olan təhsil ağaclarından söz açıb. Türkiyə liderinin dediklərini qısa tezislərlə bu cür ifadə edə bilərik:
1. Türkiyə ilə Venesuela arasında əməkdaşlıqda təhsil və mədəniyyət mövzuları da prioritet təşkil edir,
2. Türkiyə Maarif Fondunun Karakasda üçüncü məktəbi tikilir,
3. Venesuelalı gənclər Türkiyədə təqaüd proqramları vasitəsilə təhsil alırlar,
4. Bu yaxınlarda Türkiyə Karakasda mədəniyyət mərkəzi açacaq.
Bununla da Türkiyə özünün qlobal siyasi dairəsinə Venesuelanı da alır və bunu Maduro da yüksək qiymətləndirir.
Ankaranın 2023-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi Qərblə münasibətlərində rəqiblik ruhu artacaq, Qərb Türkiyə-Venesuela yaxınlaşmasını da həmin kontekstdə dəyərləndirəcək.
Türkiyə isə mümkündür ki, Qərbin acığına Venesuela ilə müdafiə sahəsində də əməkdaşlığa başlaya bilər.
Aqşin Kərimov
www.RIA24.az