Türkiyə Qara dənizdəki Sakarya yatağından təbii qazın çıxarılması layihəsinin həyata keçirilməsində vacib mərhələyə qədəm qoyur.
İyunun 10-da iki km-ə qədər dərinlikdə 170 kilometr uzunluğunda qaz kəmərinin çəkilişinə başlanılacaq.
İşlərin beş ay ərzində başa çatdırılması planlaşdırılır.
Boruların çəkilməsi “Kastoro-10” və “Kastrone” adlı xüsusi gəmilərlə aparılacaq. Birinci gəmi artıq keçən həftə Qara dənizdəki Filos limanına çatıb, buradan dəniz qaz kəmərinin çəkilməsi planlaşdırılır, ikinci gəmi hələ də Şərqi Aralıq dənizindədir və Türkiyəyə iyulda çatacağı gözlənilir.
İşə ümumilikdə 20-yə yaxın gəmi və dörd mindən çox insan cəlb olunacaq.
Plana əsasən Sakarya yatağından ilk qaz 2023-cü ilin birinci rübündə hasil ediləcək. İlkin mərhələdə yataqdan sutkada 10 milyon kubmetrə və ya ildə 3,4-4 mlrd. kubmetrə yaxın qaz hasilatı nəzərdə tutulub. 2027-2028-ci illərdə qaz hasilatının gündəlik həcmi 40 milyon kubmetr olmalıdır, illik həcmlər 15 milyard kubmetrə qədər artacaq.
Qeyd edək ki, 2020-ci ildə Türkiyə rəsmiləri Qara dənizdə 540 milyard kubmetr olduğu proqnozlaşdırılan qaz ehtiyatının kəşfi barədə məlumat verib. Ən böyük yataq olan Sakaryanın ehtiyatlarının 400 milyard kubmetri keçdiyi bildirilir. Türkiyə yatağın işlənməsinə təxminən 10 milyard dollar sərmayə qoymaq niyyətindədir.
Mənbə: Yeni Şafak
www.RIA24.az