İranda təqaüdçülərin günlərdir davam edən etirazları daha da böyüyür. Belə ki, narazı insanlar ölkənin müxtəlif şəhərlərində kütləvi etirazları dünən də davam etdiriblər.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, ardıcıl altı gün keçirilən etirazlar maraqlı məqamları ilə yadda qalıb. Aksiya iştirakçıları “Rəisiyə ölüm”, “Yalançı Rəisi, vədlərin nə oldu?”, “Döyüşərik, ölərik, amma zillət qəbul etmərik” kimi müxtəlif şüarlarla hökumətə etirazlarını bildiriblər.
Təqaüdçülər Əhvaz, Kermanşah, Bəndər Abbas, Borucerd, İsfahan, Sari, Ərak, Ərdəbil, Təbriz, Şuştər, Sulduz, Rəşt, Həmədan, Şuş, Kərəc, Zəncan və s. şəhərlərdə yürüş və mitinqlər keçiriblər.
Xatırladaq ki, İranın bir çox şəhərində artıq altı gündür ki, təqaüdçülər davamlı olaraq küçələrə axışıb etiraza qalxırlar. Onlar İbrahim Rəisi hökumətinin təqaüdləri 57% artıracağına dair vədinin əvəzinə, cəmi 10% artırmasına etiraz edirlər. Narazı vətəndaşlar deyirlər ki, təqaüdlərin cəmi 10% artması onların güzəranını heç bir şəkildə yaxşılaşdırmır.
www.RIA24.az