Danimarka və Kanada Arktikada Hans adası kimi tanınan kiçik tənha adanı bölüşəcək. Bununla da uzun illərdir davam edən mülkiyyət mübahisəsinə son qoyulacaq.
Bu barədə “Reuters” xəbər verir.
İki ölkə 1971-ci ildən bu yana Qrenlandiya ilə Kanadanın Elsmir adası arasında bərabər məsafədə yerləşən ada ilə bağlı razılığa gələ bilmir.
Qrenlandiya Danimarka Krallığının muxtar ərazisidir.
Çərşənbə axşamı Danimarka Xarici İşlər Nazirliyinin dərc etdiyi razılaşmaya əsasən, Kanada və Danimarka 1,2 kvadrat kilometrlik adanı qayalıq zirvədəki təbii dərə boyunca təxminən bərabər iki hissəyə böləcək.
Parlament tərəfindən təsdiqləndikdən sonra saziş hər iki ölkənin nazirləri tərəfindən rəsmi olaraq imzalanacaq.
www.RIA24.az