Özünü Kiyev meri Vitali Kliçko kimi təqdim edən fırıldaqçı Berlin meri Fransiska Giffay ilə videobağlantı vasitəsilə əlaqə saxlayıb və onunla yarım saat söhbət edib.
Bu barədə “Tagesspiegel” nəşri məlumat yayıb.
Berlin Senatının Dəftərxanası cümə günü günortadan sonra Kiyev meri ilə videogörüş keçirib. Verilən məlumata görə, görüşün keçirilməsini Ukrayna tərəfi istəyib.
Görüşün tarixi Senat Dəftərxanasının protokol şöbəsi tərəfindən iyunun əvvəlinə razılaşdırılıb. Bunun hansı kanallar vasitəsilə baş verdiyi hələlik məlum deyil.
Söhbət saat 17:00-da başlayıb və 18:45-də Berlin Senatının Dəftərxanası rabitənin kəsildiyini bildirib.
“Söhbətin gedişi və mövzusu Berlin tərəfində etimadsızlıq yaradıb. Söhbət vaxtından əvvəl kəsilib”, – deyə ofisdən bildirilib.
Daha sonra Ukrayna səfiri Andrey Melniklə söhbət zamanı danışanın Vitali Kliçko olmadığı təsdiqini tapıb. Ekrandakı adam Kiyevin əsl meri kimi görünüb, amma o olmayıb.
“Görünür, bu, saxtakarlıq idi”, – deyə Senatın sözçüsü Liza Frerixs bildirib.
İştirakçıların sözlərinə görə, videozəng yarım saat davam edib. Hazırda Baş Dövlət Cinayət Polisi İdarəsinin Dövlət Təhlükəsizliyi Xidməti faktların aydınlaşdırılması üçün araşdırma aparır.
Mətbuat katibi bildirib ki, fırıldaqçı Berlindəki vəziyyət və qaçqınlara göstərilən qayğı barədə xəbər tutmağa çalışıb. Ardınca isə şübhəli görünən suallar verib. Xüsusilə ukraynalı kişilərin şəhəri tərk edərək Ukraynada döyüşmələri üçün Berlin hakimiyyəti ilə əməkdaşlığı haqqında suallar şübhə doğurub. Həmçinin fırıldaqçı Almaniyadakı ukraynalı qaçqınların saxta yolla sosial yardım alıb-almayacaqları ilə bağlı məlumat almağa çalışıb.
“Təəssüf ki, bu, müharibənin bütün vasitələrlə aparıldığının göstəricisidir. Eyni zamanda rəqəmsal şəkildə Ukraynanın tərəfdaşlarının və müttəfiqlərinin etibarını sarsıtmaq və nüfuzdan salmaq üçün onlayn formada da aparıldığını əks etdirən reallığın bir hissəsidir”, – deyə Giffay hadisəni şərh edib.
Mənbə: Yevropeyskaya pravda
www.RIA24.az