“AzerGold” QSC kəşf etdiyi yeni qızıl yatağının istismarına hazırlaşır – ÖZƏL + FOTO

Araşdırma Dünya Gündəm

Azərbaycanın yerli qızıl istehsalçısı “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni qızıl yatağında hasilat işlərinə hazırlıq görür.

Bu barədə Oxu.Az-a Cəmiyyətin sədr müavini Oqtay Məmmədov məlumat verib.

Dövlət şirkətinin rəsmisi bildirib ki, sözügedən yataq Daşkəsən və Göygöl rayonlarının ərazisində, hazırda istismarı davam etdirilən “Çovdar” mədəninə yaxın məsafədə yerləşir:

“Ağyoxuş” qızıl yatağı 2017-ci ildə “AzerGold”un geoloqları tərəfindən kəşf edilib. Hazırda ehtiyatların iqtisadi rentabelli və texniki cəhətdən hasilatı mümkün olan miqdarının hesablanması üçün tədqiqatlar yekunlaşmaqdadır.

Yatağın önümüzdəki aylarda istismara verilməsi planlaşdırılır və müvafiq infrastrukturun yaradılması istiqamətində intensiv işlər görülür. Hazırda “Ağyoxuş” yatağı ilə “Çovdar” filiz emalı sahəsini birləşdirən 18 kilometrlik yolun inşası davam etdirilir”.

Oqtay Məmmədov, həmçinin, “Ağyoxuş” yatağının kəşf olunma tarixçəsi və dağ-mədən şirkətinin davamlı inkişafında bu tip yataqların rolu barədə də ətraflı məlumat verib:

“AzerGold” QSC olaraq 2016-ci ildə işə başlayarkən Cəmiyyətin icra olunan əsas layihəsi Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının yerüstü – oksid mərhələsi idi. Planda olan növbəti hədəf isə “Çovdar” yatağının yeraltı – sulfid mərhələsi üzrə istismarı və Balakəndə yerləşən “Filizçay” polimetal yatağında hasilata başlanılması idi.

Beynəlxalq təcrübəyə əsasən, adıçəkilən iri yataqların istismara verilməsinə orta hesabla 5-8 il vaxt tələb olunur. Bu müddət mədəndə ən uyğun istismar üsulunun təyin olunması, resursların ən optimal qaydada hasil edilməsi və yüksək iqtisadi səmərəliliyi təmin etmək üçün olduqca vacibdir.

Qeyd etdiyim dövrdə “Çovdar” yatağının oksid – üst mərhələsi üzrə hasilatının 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulmuşdu. “Çovdar” yatağının yeraltı mərhələsinə 2024, “Filizçay” yatağının istismarına isə 2027-ci ildə başlanılması planlaşdırılmışdı.

Həmin dövrdə qarşıda duran ən prioritet məsələ bu iki yataq istismara verilənədək aradakı boşluğu doldurmaq, davamlı ixracı təmin etmək, hasilat proseslərində və işlə təminatda fasilənin yaranmamasına nail olmaq idi. Bu məqsədlə biz intensiv kəşfiyyat işlərinə başladıq və uğurlu nəticələr əldə etdik.

İlk növbədə biz “Çovdar” mədəninə yaxın ərazilərdə iki yeni qızıl sahəsinin – “Ağyoxuş” və “Mərəh” yataqlarının kəşf edilməsinə nail olduq. Üstəlik, kəşfiyyat işlərinin nəticəsində “Çovdar” yatağının yerüstü və yeraltı qızıl resurslarının ümumi həcmi artırıldı.

Nəticədə, yatağın yerüstü mərhələsi üzrə hasilat işləri daha bir il uzadılmış oldu. Yatağın sulfid mərhələsi üzrə öncə 5,5 il ehtimal istismar ömrü daha 4,5 il artdı. Beləliklə, biz qarşıya qoyulan hədəflərə böyük ölçüdə nail olduq və üstəlik, yeni nəticələrə imza atdıq.

Diqqətinizə çatdırım ki, haqqında bəhs etdiyimiz “Ağyoxuş” yatağında hasilat işlərinə cari ilin sonuna qədər, “Mərəh” yatağında isə gələn ildən başlanılması planlaşdırılır” ? – O. Məmmədov bildirib.

Bu istiqamətdə atılan addımların davamı olaraq “Çovdar” mədəninə yaxın ərazidə yerləşən daha bir sahənin, 2002-ci ildə kəşf edilmiş “Tülallar” yatağının da  2022-ci ildə istismarı hədəf olaraq müəyyən edilib.

Hər üç qızıl yatağının ilkin olaraq hesablanmış, texniki cəhətdən çıxarıla bilən resursları 127,2 min unsiya qızıl təşkil edir. Qeyd edim ki, sözügedən yataqların istismara verilməsinə hazırlıqla yanaşı, bu resursların artırılması istiqamətində kəşfiyyat işləri aparılır.

Oqtay Məmmədov əlavə edib ki, bu yataqlar malik olduğu resurslar baxımından nisbətən kiçik olsa da, hər üç yatağın istismarı fasiləsiz ixracı təmin etmək, hasilat və işlə təminatda davamlılığa səbəb olacaq. Üstəlik, hər üç yatağın “Çovdar” mədəninə coğrafi yaxınlığı istehsal prosesində mövcud texniki resurslarından istifadə etməyə, kapital və əməliyyat xərclərinin azalmasına, layihənin iqtisadi səmərəliliyinin daha da artmasına zəmin yaradır.

O, həmçinin, vurğulayıb ki, “Ağyoxuş” yatağının istismarı müddətində ölkə iqtisadiyyatına on milyonlarla dollar həcmində valyutanın cəlb edilməsi nəzərdə tutulur:

“Layihənin icrası qeyri-neft sənayesinin, o cümlədən, bölgənin sosial-iqtisadi inkişafına, regionlarda iş təminatının yaxşılaşdırılmasına, yerli şirkətlərin fəaliyyəti üçün yeni və daha geniş imkanların yaranmasına da öz əhəmiyyətli töhfəsini verəcək”.

Oqtay Məmmədov yaxın illərdə istismara veriləcək digər yataqlar barədə də məlumat verib. Cəmiyyətin sədr müavini Şəmkir rayonu ərazisində yerləşən “Qaradağ” mis yatağının 2026, “Cəyirçay” mis yatağının isə 2028-ci ildə istismara veriləcəyini bildirib.

O qeyd edib ki, “AzerGold” bütün səyləri səfərbər edərək Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən “Filizçay” layihəsinin icrasını optimallaşdırmağa nail olub:

“Artıq deyə bilərik ki, yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq. Balakəndə yerləşən digər polimetal yatağı – “Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Həmin ildə Gədəbəydə yerləşən “Xarxar” mis  yatağında hasilat işlərinə başlanılması da qarşıya hədəf qoyulub”.

Qeyd edək ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli, 1047 nömrəli sərəncamına əsasən təsis edilib. Dövlət şirkəti ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir