Böyük Britaniyada 54 nəfərdə meymunçiçəyinin (MPXV) gedişatını izləyən alimlər simptomların Afrikada və dünyanın digər yerlərində xəstəliyin keçmiş epidemiyaları zamanı müşahidə olunanlardan fərqləndiyini müəyyən ediblər.
Mütəxəssislərin araşdırmalarının nəticələri “Lancet Infectious Diseases” jurnalında dərc olunub.
“Müşahidələrimiz göstərir ki, Böyük Britaniyada yayılan meymunçiçəyi virusu ştammlarının yorğunluq, hərarət və qızdırmaya səbəb olma ehtimalı bu infeksiyanın keçmiş epidemiyaları ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Səpkilərin həm təbiəti, həm də yeri fərqlidir. Diaqnoz qoyularkən bunu nəzərə almaq lazımdır”, – deyə tədqiqatçılar yazıblar.
Qeyd edək ki, aprel və may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Böyük Britaniyadan başqa, son vaxtlar Qərbi Avropanın əksər ölkələrində, həmçinin ABŞ və Kanadada yoluxma halları qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, xəstəliyə yoluxanların ümumi sayı 3500-ə yaxınlaşır.
Mənbə: TASS
www.RIA24.az