“Azərbaycanla dostluq münasibətlərimiz var. Bakı Avropanın Rusiyadan asılılığını azaltmaq üçün enerji resursları tədarükçüsü kimi mühüm rol oynaya bilər”.
Bunu Ukrayna Xarici Siyasət Assosiasiyasının prezidenti Vladimir Xandogiy Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Bakı və Ankaranın vasitəçilik səylərini Oxu.Az-a şərh edərkən deyib.
O, Bakının Ukraynanın ərazi bütövlüyünə dəstək bəyanatlarını alqışladığını vurğulayıb.
“Bu, çox əhəmiyyətlidir. Humanitar yardım (Azərbaycandan – red.) mühümdür”, – deyə diplomat qeyd edib.
Xandogiy Türkiyənin rolu haqqında da danışaraq müharibə başlayandan dərhal sonra verilən bəyanatları xatırladıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəçi olmağı təklif etdi. Ukrayna tərəfi Ankara ilə yaxşı münasibətləri nəzərə alaraq razılaşdı. Üstəlik, bizim strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimiz var. Həmin vaxt Türkiyədə danışıqlar aparılsa da, bu cəhdlər uğurlu alınmadı. Sonra tərəflərin fikirləri öyrənildi və Ukrayna üçün Rusiya Federasiyasının səsləndirdiyi mövqenin ultimatum olduğu aydınlaşdı. Kiyev faktiki olaraq Rusiyanın törətdiyi təcavüzlə razılaşmağa məcbur edildi. Bu gün Türkiyə diplomatik səylərini davam etdirir”, – deyən politoloq taxıl dəhlizinin yaradılmasına dair sazişin bağlanmasına kömək etdiyi üçün Ukrayna tərəfinin R.T.Ərdoğana minnətdar olduğunu bildirib.
O, Türkiyənin yeni təklifinin Zaporojye atom elektrik stansiyası (ZAES) ətrafında yaranmış vəziyyəti nizamlamaq olduğunu, lakin hər hansı bir nəticənin olacağına inanmadığını da qeyd edib.
“Əgər Türkiyə Rusiya tərəfinə münaqişə davam etdiyi halda ZAES-in demilitarizasiyası, sülhməramlı qüvvələrin yeridilməsi təklifi ilə çıxış edərsə, təbii ki, biz yalnız bu səyləri dəstəkləyəcəyik. Hazırda Ankara Rusiya ilə Ukrayna arasında bərabər məsafəli mövqe tutmağa çalışır. Əlbəttə, bu vəziyyətdə bir tərəfdə təcavüzkarın, digər tərəfdə təcavüzün qurbanı olduğu da göz qabağındadır. Bu gün əsas danışıqlar aparan tərəf Ukrayna Silahlı Qüvvələridir. Siyasi həll, müharibənin bitməsi onların gələcək fəaliyyətindən asılıdır”, – deyə o bildirib.
Diplomat hazırda sülhməramlı kontingentin nəzəri tərkibindən (Türkiyənin, yoxsa çoxmillətli kontingent) danışmağın çətin olduğunu deyərək, sülhməramlı əməliyyatlarla bağlı BMT-nin kriteriyalarının mövcud olduğunu vurğulayıb.
“Türkiyə, təbii ki, orada müəyyən rol oynaya bilər. Ancaq bu, Rusiya Federasiyasının qüvvələrinin oradan çıxarılmasından, potensial nüvə böhranının qarşısını almaq üçün ZAES və onun ətrafındakı ərazilərin demilitarizasiyasından sonra müzakirə edilə bilər”, – deyə Xandogiy sözlərini yekunlaşdırıb.
Nair Əliyev
www.102info.az