Andlılar məhkəməsi tanınmış amerikalı müğənni Ar Kellini (R.Kelly – Robert Silvester Kelli) uşaq pornoqrafiyası hazırlamaq və azyaşlılarla münasibətlə bağlı (hər biri üç maddə üzrə) təqsirli bilib.
Eyni zamanda ifaçıya yeddi maddə üzrə bəraət verilib.
Xatırladaq ki, 2008-ci ildə Ar Kelli uşaq pornoqrafiyası işinə görə 14 maddə üzrə bəraət qazanmışdı. Ancaq 2019-cu ilin iyul ayında Kelli İllinoys ştatında ona qarşı irəli sürülən cinsi təcavüz ittihamı ilə həbs olundu. Cari ilin iyununda isə məhkəmə müğənnini cinsi istismar məqsədilə insan alverinə görə 30 il müddətinə azadlıqdan məhrum etdi.
Qeyd edək ki, Çikaqoda doğulmuş və “ritm-n-blyuz” stilində ifa edən Ar Kelli ötən əsrin 90-ci illərində “Bump N’ Grind”, “Gotham City”, “I Believe I Can Fly” ilə dünya şöhrəti qazanıb. Adıçəkilən mahnılardan sonuncusu müğənniyə üç kateqoriya üzrə “Grammy” (1996) mükafatı gətirib. İfaçı həmçinin Maykl Cekson üçün yazdığı “You Are Not Alone” mahnısına görə də “Grammy” mükafatına namizəd olub.
Mənbə: TASS
www.102info.az